Aİİ rəhbərliyi Şamaxıda din xadimləri ilə görüşüb

26 Aprel, 2024

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə abituriyentlərin maarifləndirmə tədbirləri çərçivəsində din xadimləri ilə görüş keçirilib.

Şamaxı Cümə məscidində təşkil edilən tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri müavini – dini qurumlarla işin təşkilatçısı Rəşad Əliyev, Qobustan Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbə müdiri Elnur Mehdiyev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şirvan bölgəsi üzrə qazısı, Şamaxı Cümə məscidinin axundu Hacı Mərəhmət Mustafayev və din xadimləri iştirak ediblər.

QMİ-nin Şirvan bölgəsi üzrə qazısı, Şamaxı Cümə məscidinin axundu Hacı Mərəhmət Mustafayev Azərbaycan müstəqillik qazandıqdan sonra, dövlət–din münasibətlərində baş verən əsaslı dönüşdən, ölkə rəhbərliyi tərəfindən din xadimlərinə, ibadət ocaqlarına göstərilən xüsusi qayğıdan bəhs edib.

Aİİ rektoru, dosent Aqil Şirinov İnstitut haqqında geniş məlumat verib, müəssisədə təhsilin tamamilə ödənişsiz olduğunu vurğulayıb. Rektor bildirib ki, Azərbaycanda yüksəksəviyyəli ali dini təhsil ocağının mövcud olması xaricə gedib dini təhsil almaq ehtiyacını aradan qaldırır. “Dinşünaslıq” və “İslamşünaslıq” ixtisasları üzrə tələbə qəbulu həyata keçirən ali təhsil müəssisəsində tələbələrə bütün dərsliklərin pulsuz paylandığını, eyni zamanda, onlara yeməkpulu və yüksək göstəricilərə sahib olan tələbələrə adlı təqaüdlərin də verildiyini diqqətə çatdırıb.

İnstitut rəhbəri qeyd edib ki, hər bir ölkənin özünəməxsus dini mühiti mövcuddur və bu xüsusiyyətlər mütləq nəzərə alınmalıdır. Aİİ rəhbəri vurğulayıb ki, digər ölkələrdə verilən din təhsilində həmin regionun ənənələrinin spesifik xüsusiyyətləri nəzərə alınır və dini təhsil ona uyğun şəkildə tədris olunur. İlahiyyat İnstitutunda da Azərbaycan reallığı, ölkəmizin tarixi-dini ənənəsi əsas götürülür: “İnstitutumuzdan məzun olacaq tələbələr dini insanlara doğru-düzgün, radikallıqdan, xurafatdan uzaq, elmi şəkildə çatdıra biləcək kadrlar kimi yetişirlər. Bütün bunların fonunda dəyərlərimizi özündə əks etdirən dini təhsilin aparılması üçün ixtisaslaşmış kadrların hazırlanması Azərbaycan İlahiyyat İnstitutu qarşısında duran ən mühüm vəzifələrdən biridir”, – rektor qeyd edib.

Sonda din xadimlərinin sualları cavablandırılıb.

alt menü