İlahiyyat İnstitutunun rəhbərliyi Xaçmazda abituriyentlərlə görüşüb

02 May, 2024

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) öz fəaliyyəti, təhsil imkanları barədə ictimaiyyəti məlumatlandırmaq, 2024–2025-ci tədris ili üzrə müəssisəyə yüksəkintellektli və savadlı gəncləri cəlb etmək məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir.

İnstitutun növbəti səfəri Xaçmaz rayonuna olub. Xaçmaz Rayon İcra Hakimiyyəti və Aİİ-nin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə abituriyentlər, orta məktəb müəllimləri, aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Xaçmaz Rayon İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Musayev ölkəmizdə milli-mənəvi dəyərlərimizə göstərilən diqqət və qayğıdan bəhs edib. O, dini maarifləndirmənin əhəmiyyətindən danışarkən cəmiyyətin, xüsusilə gənc nəslin məzhəbçilikdən uzaq, multikutural və tolerant mühitdə yetişməsinin vacibliyinə toxunub.

Quba–Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşı Qələmşah Dostuyev Aİİ-nin ölkədə dini təhsil sahəsində əhəmiyyətli mövqeyinə diqqət çəkib. Q.Dostuyev hazırda ölkəmizdə gənclərimizin milli-mənəvi dəyərlərimizə sadiq, savadlı dini kadr kimi yetişməsi üçün hər bir şəraitin olduğunu vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev ölkəmizdə yaşayan bütün dinlərin nümayəndələrinin tolerant mühitdə sərbəst və dinc şəraitdə birgə yaşadığını vurğulayıb. R.Xudayev Azərbaycanda din xadimlərinə, dini ibadət yerlərinə dövlət başçımız cənab İlham Əliyevin yüksək diqqət və qayğısını diqqətə çatdırıb.

Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru, dosent Mirniyaz Mürsəlov tədbirin təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkür edib. Prorektor İnstitutun məqsəd və hədəfləri, ali təhsil müəssisəsində mövcud ixtisaslar, tədris olunan fənlər barədə ətraflı məlumat verib. M.Mürsəlov yüksəkixtisaslı mütəxəssis kadrların hazırlanması üçün Azərbaycan İlahiyyat İnstitutunda tam şəraitin yaradıldığını, təhsilin tamamilə ödənişsiz olduğunu vurğulayıb. Bildirib ki, ali təhsil müəssisəsində təhsil göstəricilərinə görə fərqlənən tələbələr mübadilə proqramları ilə xaricdə təhsil ala bilirlər.

Ali təhsil müəssisəsinin rektor köməkçisi Emin Orucov Aİİ-yə qəbul prosesinin təşkili, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. İnstituta qəbul olmuş hər bir abituriyentin dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan yararlanacağını bildirib. E.Orucov xarici dillərə yiyələnmək imkanları, təqaüd proqramları, xaricdə təhsil, tələbələrin sosial həyatı, Yay və Qış məktəbləri haqqında ətraflı bəhs edib.

alt menü