Azərbaycan İlahiyyat İnstitutunda görüş keçirilib
Şimali Kipr Türk Cümhuriyyəti Dəyanət İşləri İdarəsinin sədri Ahmet Ünsal və Azərbaycanda səfərdə olan Türkiyə nümayəndə heyəti Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olub.
Aİİ rektoru, dosent Aqil Şirinov Türkiyə–Azərbaycan qardaşlığının əbədi olduğunu vurğulayıb, tarixin bütün mərhələlərində buna şahidlik etdiyimizi diqqətə çatdırıb.
Daha sonra A.Şirinov ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. Azərbaycan İlahiyyat İnstitutunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində təsis olunduğunu nəzərə çatdırıb. Rektor ali təhsil müəssisəsinin məqsəd və vəzifələri, hədəfləri, həyata keçirilən qəbul prosesi, tələbə kontingenti haqqında ətraflı bəhs edib. Aİİ-nin beynəlxalq əlaqələrə, xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığın yaradılmasına xüsusi önəm verdiyini vurğulayıb.
Qonaqlar Aİİ-yə fəaliyyətində, qarşısında duran məqsədlərinə çatmaqda uğurlar arzulayıblar. Qardaş ölkə nümayəndələri Azərbaycanda belə bir ali dini təhsil müəssisəsinin mövcud olduğundan məmnunluqlarını ifadə ediblər.
Qeyd edək ki, Türkiyə nümayəndə heyətinin tərkibinə Türkiyə Respublikası Diyanət İşləri İdarəsinin Strategiyanın İnkişafı şöbəsinin müdiri Mustafa Irmaklı, Avrasiya ölkələri şöbəsinin müdiri Salih Gör, həmçinin Mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri Enes Kaplan daxildir. Görüşdə Türkiyənin Azərbaycandakı Səfirliyinin Din xidmətləri müşaviri İhsan Açık da iştirak edib.