Xaçmazda din xadimləri ilə görüş keçirilib
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Xaçmaz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə abituriyentləri maarifləndirmə tədbirləri çərçivəsində din xadimləri ilə görüş keçirilib.
Xaçmaz Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Musayev ölkəmizdə dövlət–din münasibətlərindən bəhs edib, ölkə rəhbərliyi tərəfindən din xadimlərinə göstərilən xüsusi qayğını diqqətə çatdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev Azərbaycan müstəqillik qazandıqdan sonra, dövlət–din münasibətlərində baş verən əsaslı dönüşdən, dini ibadət ocaqlarına qayğıdan söhbət açıb.
Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru, dosent Mirniyaz Mürsəlov ölkəmizdə İlahiyyat İnstitutunun timsalında yüksəksəviyyəli ali dini təhsil ocağının fəaliyyət göstərdiyini vurğulayıb. Prorektor bildirib ki, gənclərimiz, artıq öz ölkəmizdə dərin dini-dünyəvi bilikləri mənimsəyib, din xadimi ola bilərlər. Dini bilik üçün xaricə gedib təhsil almağa ehtiyac yoxdur. Prorektor “Dinşünaslıq” və “İslamşünaslıq” ixtisasları üzrə tələbə qəbulu həyata keçirən ali təhsil müəssisəsində tələbələrə bütün dərsliklərin pulsuz paylanıldığını, təhsilalanlara yeməkpulu və adlı təqaüdlərin verildiyini diqqətə çatdırıb.
Görüş müzakirələrlə davam edib.