Müasir dövrdə Azərbaycan Respublikası multikulturalizmi özünün dövlət siyasəti bəyan etmişdir. Bu siyasətin uğurla həyata keçirilməsinin əsas şərtlərindən biri, multikulturalizm haqqında elmi biliklərin ölkənin ali məktəblərində tədris olunmasıdır. Multikulturalizmə giriş bir fənn kimi indiyədək Azərbaycanın bəzi ali məktəblərində tədris olunur. Multikulturalizmin dövlət siyasəti olduğunu nəzərə alaraq, bu fənnin tədrisi bakalavr pilləsinin bütün ixtisasları üçün nəzərdə tutulub. Fənnin tədrisinə 45 saat ayrılmışdır. Multikulturalizmə giriş fənni Azərbaycan İlahiyyat İnstitutu Dillər və ictimai fənlər kafedrasında tədris olunan nəzəri və praktiki əhəmiyyətə malik kurslardan biridir. Multikulturalizmə giriş – fənlərarası bir kursdur. Bu fənn fəlsəfə, politologiya, tarix, sosiologiya, kulturologiya və digər humanitar fənlərin bir çox nəzəri müddəalarından istifadə edir. Kursun əsas məqsədi bakalavr pilləsində təhsil alan tələbələrə multikulturalizmi bir sosial hadisə, ideologiya, siyasət, həyat tərzi kimi təqdim etmək, müasir dövrdə onun əhəmiyyətini göstərmək, dünya dövlətlərinin, o cümlədən Azərbaycanın multikulturalizm sahəsində tarixi təcrübəsini tədqiq etmək, tələbələr arasında tolerantlıq ənənələrini möhkəmləndirmək və inkişaf etdirməkdir. Bu məqsədə nail olmaq üçün Multikulturalizmə giriş fənni qarşısında aşağıdakı vəzifələr durur:
– Multikulturalizmə giriş fənninin predmetini və əhəmiyyətini tələbələrə izah etmək;
– multikulturalizmin mahiyyətini, nəzəri-ideoloji əsaslarını, meydana gəlmə səbəblərini və tarixi şərtlərini göstərmək;
– ictimai-fəlsəfi fikir tarixində formalaşmış multikulturalizm, tolerantlıq ideyalarını tələbələrə izah etmək;
– cəmiyyətdəki dini müxtəlifliyin tənzimlənməsində multikulturalizmin əhəmiyyətini tələbələrə aşılamaq;
– cəmiyyətdəki etnik-milli müxtəlifliyin tənzimlənməsində multikulturalizmin əhəmiyyətini tələbələrə öyrətmək;
– müasir dövrdə etnik-mədəni müxtəlifliyin tənzimlənməsində dünya dövlətlərinin mütərəqqi təcrübəsi ilə tələbələri tanış etmək;
– multikulturalizmlə ölkənin sosial-iqtisadi inkişafı arasında qarşılıqlı münasibəti tələbələrə izah etmək;
– multikulturalizm ilə xarici siyasətin qarşılıqlı münasibətini tələbələrə izah etmək;
– dünya ölkələrində multikulturalizm siyasətinin tarixini, əsas modellərini tələbələrə şərh etmək;
- Ümummilli Lider Heydər Əliyevin Azərbaycan multikulturalizminin siyasi banisi kimi xidmətlərini tələbələrə izah etmək;
- hazırda Azərbaycanda multikulturalizm siyasətinin uğurla həyata keçirilməsində Prezident İlham Əliyevin gördüyü işlər haqqında tələbələri məlumatlandırmaq;
- multikulturalizmin Azərbaycan modelinin mahiyyəti və xüsusiyyətlərini, multikulturalizm siyasətinin əsas prinsipləri və istiqamətlərini izah etmək;
- müasir dövrdə Azərbaycan Dövlətinin, Heydər Əliyev Fondunun multikulturalizm sahəsində gördüyü konkret işləri, o cümlədən həyata keçirdiyi beynəlxalq əhəmiyyətli tədbirləri tələbələrə şərh etmək.