Fənlərin təsviri

Müasir dövrdə Azərbaycan Respublikası multikulturalizmi özünün dövlət siyasəti bəyan etmişdir. Bu siyasətin uğurla həyata keçirilməsinin əsas şərtlərindən biri, multikulturalizm haqqında elmi biliklərin ölkənin ali məktəblərində tədris olunmasıdır. Multikulturalizmə giriş bir fənn kimi indiyədək Azərbaycanın bəzi ali məktəblərində tədris olunur. Multikulturalizmin dövlət siyasəti olduğunu nəzərə alaraq, bu fənnin tədrisi bakalavr pilləsinin bütün ixtisasları üçün nəzərdə tutulub. Fənnin tədrisinə 45 saat ayrılmışdır. Multikulturalizmə giriş fənni Azərbaycan İlahiyyat İnstitutu Dillər və ictimai fənlər kafedrasında tədris olunan nəzəri və praktiki əhəmiyyətə malik kurslardan biridir. Multikulturalizmə giriş – fənlərarası bir kursdur. Bu fənn fəlsəfə, politologiya, tarix, sosiologiya, kulturologiya və digər humanitar fənlərin bir çox nəzəri müddəalarından istifadə edir. Kursun əsas məqsədi bakalavr pilləsində təhsil alan tələbələrə multikulturalizmi bir sosial hadisə, ideologiya, siyasət, həyat tərzi kimi təqdim etmək, müasir dövrdə onun əhəmiyyətini göstərmək, dünya dövlətlərinin, o cümlədən Azərbaycanın multikulturalizm sahəsində tarixi təcrübəsini tədqiq etmək, tələbələr arasında tolerantlıq ənənələrini möhkəmləndirmək və inkişaf etdirməkdir. Bu məqsədə nail olmaq üçün Multikulturalizmə giriş fənni qarşısında aşağıdakı vəzifələr durur:
– Multikulturalizmə giriş fənninin predmetini və əhəmiyyətini tələbələrə izah etmək;
– multikulturalizmin mahiyyətini, nəzəri-ideoloji əsaslarını, meydana gəlmə səbəblərini və tarixi şərtlərini göstərmək;
– ictimai-fəlsəfi fikir tarixində formalaşmış multikulturalizm, tolerantlıq ideyalarını tələbələrə izah etmək;
– cəmiyyətdəki dini müxtəlifliyin tənzimlənməsində multikulturalizmin əhəmiyyətini tələbələrə aşılamaq;
– cəmiyyətdəki etnik-milli müxtəlifliyin tənzimlənməsində multikulturalizmin əhəmiyyətini tələbələrə öyrətmək;
– müasir dövrdə etnik-mədəni müxtəlifliyin tənzimlənməsində dünya dövlətlərinin mütərəqqi təcrübəsi ilə tələbələri tanış etmək;
– multikulturalizmlə ölkənin sosial-iqtisadi inkişafı arasında qarşılıqlı münasibəti tələbələrə izah etmək;
– multikulturalizm ilə xarici siyasətin qarşılıqlı münasibətini tələbələrə izah etmək;
– dünya ölkələrində multikulturalizm siyasətinin tarixini, əsas modellərini tələbələrə şərh etmək;
- Ümummilli Lider Heydər Əliyevin Azərbaycan multikulturalizminin siyasi banisi kimi xidmətlərini tələbələrə izah etmək;
- hazırda Azərbaycanda multikulturalizm siyasətinin uğurla həyata keçirilməsində Prezident İlham Əliyevin gördüyü işlər haqqında tələbələri məlumatlandırmaq;
- multikulturalizmin Azərbaycan modelinin mahiyyəti və xüsusiyyətlərini, multikulturalizm siyasətinin əsas prinsipləri və istiqamətlərini izah etmək;
- müasir dövrdə Azərbaycan Dövlətinin, Heydər Əliyev Fondunun multikulturalizm sahəsində gördüyü konkret işləri, o cümlədən həyata keçirdiyi beynəlxalq əhəmiyyətli tədbirləri tələbələrə şərh etmək.

Ərəb dili-1 tədris kursu tələbələrdə keçirilmiş qrammatik qaydalar əsasında düzgün oxumağı; dilinin orfoqrafiya qaydalarını əsas götürməklə düzgün yazmağı, nəzəri və praktiki xarakterli məlumatlarla danışıq bacarıqları formalaşdırmaq üçün nəzərdə tutulub. Ərəb dili fənni Dinşünaslıq və İslamşünaslıq təhsil ixtisasları üzrə dinşünas və islamşünas hazırlığı üçün nəzərdə tutulmuşdur. Fənnin məqsədi, əsasən, ictimai-siyasi mövzularda yazılmış sadə (I kurs) və ortaçətinlikli (II kurs) müasir ərəb mətnlərini lüğət vasitəsilə oxuyub başa düşmək, müvafiq tərcümə, şifahi və yazılı nitq vərdişləri əldə etmək üçün zəruri olan nəzəri və əməli biliklərin verilməsinə xidmət etməkdir.

Fənn ingilis dilinin tədrisi texnologiyası sahəsində ən son nailiyyətlərə əsaslanmışdır. Bu fənn ingilis dilinin tədrisi ilə yanaşı, həm təlim-tərbiyəvi, həm də inkişafetdirici və professional pedaqoji məqsədlərin kompleks şəkildə realizə olunmasını nəzərdə tutur. Fənnin tədrisi müasir təlim metodları, üsullar, vasitə və formalardan əsasında qurulmuşdur. Fənnin tədrisi daxilində tələbələrin ingilis dili səviyyəsi aşağı orta səviyyədən ( pre-intermediate) yüksək səviyyəyə ( advanced) qədər inkişaf etdirilir.

Mülki müdafiə fənni dövlət və qeyri-adi dövlət məktəblərində məcburi olan fənn sayılır və tədris planlarına xüsusi fənn kimi daxil edilir.Ali məktəblərin tələbələrinə mülki müdafıə fənni qüvvədə olan proqramlara müvafıq tədris edilir. Tələbələrə “Mülki müdafıə” fənninin öyrədilməsinin əsas vəzifələri aşağıdakılardır:Sülh və müharibə dövründəki fövqəladə hallarda fəaliyyət göstərmək və ali məktəblərdə aldıqları ixtisasa müvafıq olaraq obyektlərin sabit işinin təmin edilməsi üsullarını öyrənmək.Azərbaycan Rcspublikası üçün xarakterik olan təbii fəlakətlər (zəlzələlər, subasmalar, sellər, torpaq sürüşmələri və s.) istehsalat qəzaları, ekoloji xarakterli fövqəladə hadisələr zamanı əhalinin və ərazinin mühafızəsi, zədələnmə ocaqlarının xarakteristikası. Fövqəladə hallarda yaranmış şəraitin qiymətləndirilməsi bacarığına yiyələnmək.

Bu kurs Windows əməliyyat sisteminin işə salınması,iş masası pəncərələr , menyu,word mətn redaktoru haqqında ,mətnlərin yazılması yadda saxlanılması,cap edilməsi,excel cədvəl redaktoru,düsturlardan istifadə etməklə hesabatların aparılmasından behs edilir, Microsoft Office ofis proqramları paketinin tərkibinə daxil olan bəzi proqram əlavələrindən bəhs ediləcək. Kursun məqsədi tələbələrə yeni biliklər vermək, word və excel-dən tələbələrin sərbəst istifadə etməsini öyrətməkdir.

Kurs nəzəri və seminar dərslərindən ibarətdir. Burada bütün fundamental anlayışların təsviri və onların tətbiqi, qədim dövr, orta əsrlər, yeni və müasir dövrün daxili və xarici siyasəti öz əksini tapır. Azərbaycan tarixinin mənbələri, arxeoloji qazıntılar, ən qədim zaman, orta əsrlər, yeni tarix və müasir dövr geniş tətbiq olunur. Azərbaycan dövlətçiliyi xüsusi mövzular kimi təqdim olunur. Müasir dövrdə Azərbaycan Respublikasının daxili və xarici siyasəti, əsas prioritet istiqamətləri açıqlanır. Əsas məqsəd bütün ixtisaslar üzrə bakalavr pilləsi tələbələrin Azərbaycan dövlətçilik tarixini, müasir Azərbaycan Respublikası və Azərbaycan Cümhuriyyətinin dövlətçiliklərinin varislik məsələlərini mükəmməl mənimsəməsidir.

“Fars dili” fənni 050214 «Dinşünaslıq» təhsil ixtisasının dinşünas hazırlığı üçün nəzərdə tutulmuşdur. Fənnin məqsədi, fars dilinin oxuma, yazma, anlama və danışma istiqaməti üzrə biliklər sisteminin yaradılmasıdır. Beləliklə, fənnin tədrisi prosesində tələbənin leksik bazasının formalaşdırılmasına və artırılmasına geniş yer verilir. Tədris zamanı tələbənin sahib olduğu leksik bazaya uyğun olaraq, praktiki tapşırıqlar vasitəsilə Fars dilinin əsas qrammatik elementlərinin öyrədilməsi nəzərdə tutulur. Dilin tədrisi zamanı tələbə oxuduğu sadə mətn ətrafında fikir yürütmək kimi bilik, bacarıq və vərdişlərə yiyələnir. Tələbə şifahi və yazılı nitqdə gündəlik istifadə olunan söz və söz birləşmələrini öyrənir, onlardan şifahi və yazılı nitqdə nisbətən istifadə etmək bacarığına yiyələnir. İstifadə olunan dərsliklərdə leksik tapşırıq və materiallara geniş yer verilməsi ilə bərabər fonetik tapşırıqlara da yer verilir və bu növ tapşırıqlar dilin tədrisi zamanı tələbənin fonetik elementləri yaxşı mənimsəməsinə, eşitmə bacarıqlarını artırmağa xüsusi kömək edir. Qramatik qaydalar qısa şəkildə izah edilir. Qramatik qaydalara aid tapşırıqlar isə adətən keçirilən dərslik və dərs vəsaitlərində leksik və fonetik tapşırıqlarla sıx vəhdətdə olur. Dərsliklərin və dərs vəsaitlərinin bu cür formada olması tələbələrin qramatik bilikləri daha asan üsulla mənimsəməsində xüsusi rol oynayır və tədrisi daha maraqlı edir.

Bu kurs ərəb dilinin qrammatikasının müxtəlif sahələrini əhatə edir. Belə ki, ilk mövzular nisbi əvəzliklər və I bab məsdər formaları ilə bağlıdır. Sonrakı dərslərdə isə sıra sayıarı, saatların ifadəsi, feilin arzu forması, budaq cümləli tabeli mürəkkəb cümlələr və.s haqqında geniş məlumat verilir. Bununla yanaşı, qaydalara uyğun çalışmalara xüsusi yer verilir. Mətnlər isə bütün qrammatik mövzuları təkrar etməklə birlikdə müvafiq möhkəmləndirici tapşırıqlarla müşayiət edilir. Kursun məqsədi tədris olunan qaydalar əsaında mətnləri düzgün oxumaq və tərcümə etmək, özünü ifadə etmə nitqini gücləndirmək üçün mətnlərə uyğun dialoqlar təşkil etmək, yeni söz və ifadələrlə tələbələrin söz ehtiyatını artırmaqdan ibarətdir.

Вверх
alt menü