Qəbul qaydaları

Magistraturaya qəbul imtahanları iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatikadan bilik səviyyəsi yoxlanılır və DİM tərəfindən qoyulan şərtləri ödəyənlər imtahanın ikinci mərhələsində iştirak etmək imkanı əldə edirlər. İkinci mərhələdə isə bakalavrların ixtisas üzrə bilikləri yoxlanılır və müsabiqə iki mərhələnin ümumi balı əsasında həyata keçirilir.

Hər il magistratura səviyyəsinə qəbul imtahanlarına hazırlıq məqsədi ilə ali təhsil müəssisələrinin ixtisaslaşmalarının tədris planları təhlil olunur və onların klasterləşdirilməsi aparılır. Müəyyən edilmiş hər bir ixtisaslaşma istiqaməti üzrə qəbul proqramları hazırlanır, test tapşırıqları tərtib edilir və qapalı şəraitdə onların ekspertizası keçirilir. Qəbul proqramları “Magistr” jurnalında çap edilərək bakalavrların istifadəsinə verilir. İmtahanların məzmununu təşkil edən bütün bu materialları DİM-in mütəxəssislərinin təşkilatçılığı ilə respublikanın ali təhsil müəssisələrinin müvafiq ixtisas kafedralarının professor-müəllim heyəti hazırlayır.

Magistraturaya qəbul aparılan ixtisaslaşmalar 70 proqram üzrə qruplaşdırılıb. Qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları” ilə tənzimlənir. Qaydalara əsasən, magistratura səviyyəsinə qəbul olmaq hüququna bakalavrlar və digər ali təhsilli şəxslər malikdirlər.

Qəbul imtahanı iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların məntiqi təfəkkürü, informatika və xarici dili bilmə səviyyələri test üsulu ilə yoxlanılır, nəticələri DİM-in müəyyən etdiyi tələbləri ödəyən bakalavrlar ikinci mərhələyə buraxılırlar. Bu mərhələdə isə onların ixtisas üzrə bilikləri yoxlanılır. Birinci mərhələdə bakalavrlara məntiqi təfəkkür üzrə 50, xarici dil üzrə 25 və informatika üzrə 25 test tapşırığı təqdim olunur. Hər bir blok üzrə son 5 sual açıq formalı test tapşırıqlarından ibarətdir. İmtahan suallarının cavablandırılmasına 2.5 saat vaxt ayrılır. Bakalavrların hər düzgün cavabı bir balla qiymətləndirilir.

İkinci mərhələdə bakalavrların ixtisas üzrə bilikləri onlara 50 test tapşırığı təqdim olunmaqla yoxlanılır. Hər bir proqram üzrə son 5 sual açıq formalı test tapşırıqlarından ibarətdir. Bununla bərabər, müəyyən proqramları seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarını cavablandırmaq əvəzinə yazılı imtahan verirlər
Müsabiqəyə qəbul imtahanından iki mərhələ üzrə topladıqları ümumi balı (ballarının cəmi) ilə yanaşı, ixtisas üzrə balı da DİM tərəfindən müəyyən olunan şərtləri ödəyən bakalavrlar buraxılırlar.

Bakalavrlar müəyyən olunmuş tarixdə seçdikləri ixtisaslaşmaları istədikləri ardıcıllıqla öz elektron ərizə formasına daxil edib, hər bir ixtisaslaşma üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiklərini qeyd edib və təsdiqləyirlər.
Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qə­bul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir.

Топ
alt menü