Докторская степень

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz tabeliyində Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Doktoranturada təhsil prosesi Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Elm haqqında” Qanunları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”, Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2019-cu il tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarları, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin normativ-hüquqi aktları və Aİİ-nin daxili qaydaları ilə tənzimlənir.
Aİİ-də “Fəlsəfə” elm sahəsi üzrə aşağıdakı ixtisaslar üzrə doktoranturada təhsil həyata keçirilir:
· 7213.01 – “Dinşünaslıq”
· 7214.01 – “Dinin tarixi və fəlsəfəsi”

Doktoranturada təhsil fəlsəfə doktoru proqramı üzrə həyata keçirilir. Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani (istehsalatdan ayrılmaqla) təhsil müddəti 3 il, qiyabi (istehsalatdan ayrılmamaqla) 4 ildir. Müstəsna hallarda bütün təhsil formaları üzrə təhsil müddəti uzadıla bilər.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.
Doktoranturaya sənəd qəbulu "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (TMİS) vasitəsilə elektron qaydada həyata keçirilir. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin saytına daxil olmalı, (https://portal.edu.az/) orada "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçərək, təlimata uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

- ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- iş stajı olanlar üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.

Doktoranturaya sənəd qəbuluna dair ən çox soruşulan suallar və cavabları ilə [BURADAN] tanış ola bilərsiniz.
Sənədlərin qəbulu haqqında mediada və Aİİ-nin rəsmi internet saytında müvafiq elan verilir.
Doktoranturaya qəbul hər ilin iyun (xarici dil imtahanı) və sentyabr (fəlsəfə və ixtisas fənnindən imtahanlar) ayları ərzində keçirilir.
Doktoranturaya qəbul olmaq istəyən şəxslərin ixtisas uyğunluğu Aİİ rektorunun sədrliyi ilə yaradılan qəbul komissiyası tərəfindən müəyyən edilir. Doktoranturaya qəbul olmaq istəyən şəxslə nəzərdə tutulan elmi rəhbər müsahibə keçirir və rəhbərliyi həyata keçirmək barədə razılıq və ya imtina qərarını yazılı surətdə qəbul komissiyasına təqdim edir. İmtina olunduğu halda digər elmi rəhbər təklif edilir. (Sənəd qəbulu prosesində Elmi rəhbərin rəyi zəruridir.)
Qəbul komissiyası nəzərdə tutulan elmi rəhbərin rəyi və təqdim edilən digər sənədlər əsasında imtahanlara buraxılmaq haqqında qərar qəbul edir.
Doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.

Xarici dildən imtahanda iştirak etməyənlər fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər isə ixtisas fənnindən imtahana buraxılmırlar.

Xarici dil üzrə imtahan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilir. Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı AMEA və Naziriklə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.
Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar.
Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, Cambridge English Qualifications, TestDaF, DELF, DALF, STANAG) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi AMEA və Nazirliklə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.
Fəlsəfə fənni üzrə imtahan doktoranturaya qəbulu həyata keçirən ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatların tabe olduqları müvafiq qurumlar tərəfindən müəyyən olunmuş ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatlarda həyata keçirilir. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir.
İxtisas fənnindən qəbul imtahanı keçirmək məqsədi ilə ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda müvafiq fənlər üzrə imtahan komissiyaları yaradılır.
İxtisas fənnindən qəbul imtahanını doktoranturanın fəaliyyət göstərdiyi ali təhsil müəssisəsinin, elmi müəssisə və təşkilatın rəhbəri tərəfindən yaradılan komissiya həyata keçirir və imtahana yalnız fəlsəfə fənnindən “məqbul” alan şəxslər buraxılırlar.
Bərabər ballar toplandığı halda, müsabiqədə ixtisas fənnindən daha yüksək qiymət alan və çap edilmiş elmi əsərləri olan şəxslərə üstünlük verilir.
Yekunda Aİİ-də yaradılmış qəbul komissiyası imtahanların nəticələri əsasında müvafiq qərar qəbul edir.

FAYDALI LİNKLƏR

Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları
https://e-qanun.az/framework/19800#_edn4
Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə -
https://e-qanun.az/framework/42605
Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı -
https://e-qanun.az/framework/23253
Dissertasiyanın tərtibi qaydası -
https://aak.gov.az/single/492
Avtoreferatın tərtibi qaydası -
https://aak.gov.az/single/494
Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər
(elm sahələri üzrə) -
https://aak.gov.az/single/334
Dövri elmi nəşrlərin daxil olduğu beynəlxalq xülasələndirmə və indeksləmə sistemləri (Bazaları) -
https://aak.gov.az/documents/34

Вверх
alt menü