İxtisaslar

Dinşünaslıq ixtisasına qəbul olunmaq istəyən abituriyentlərin nəzərinə!

Azərbaycan İlahiyyat İnstituna tələbə qəbulu Dövlət İmtahan Mərkəzinin xətti ilə III ixtisas qrupu üzrə iki istiqamətdə-islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə həyata keçirilir.
Aİİ-yə qəbul ödənişsiz əsaslarla həyata keçirilməsi nəzərdə tutulub. Həm islamşünaslıq, həm də dinşünaslıq ixtisasları üzrə minimum keçid balı 150 bal müəyyən edilib. Dinşünaslıq ixtisası üzrə məzun olanların işlə təmin olunması üçün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və ölkədəki elmi-pedaqoji müəssisələrin sərəncamına verilməsi nəzərdə tutulub.

İslamşünaslıq ixtisasına qəbul olunmaq istəyən abituriyentlərin nəzərinə!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən yaradılmış Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq ixtisası üzrə qəbul olunmaq istəyən abituriyentlərin III ixtisas qrupu imtahanı ilə yanaşı, Dini-Psixoloji Komissiyanın təşkil etdiyi qabiliyyət imtahanından keçmələri də nəzərdə tutulur. Qabiliyyət imtahanına buraxılış balı 150 (yüz əlli) olaraq müəyyənləşdirilmişdir.
Dini-Psixoloji Komissiya (DPK) Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qabiliyyət imtahanlarını keçirmək məqsədi ilə yaradılır və tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər, psixoloqlar və DİM-in əməkdaşları daxil edilirlər.
Qabiliyyət imtahanı zamanı abituriyentlərin ümumi bilikləri, dini təsəvvürləri, psixoloji vəziyyətləri, yaradıcı təfəkkür imkanları xüsusi psixoloji metod ilə müsahibə əsasında müəyyənləşdirilir.
Qabiliyyət imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul” olaraq qiymətləndirilir. Məqbul qiymət alan abituriyentlər DİM tərəfindən keçirilən İslamşünaslıq ixtisası üzrə ixtisas seçimində iştirak edə bilərlər.
Qeyd: qabiliyyət imtahanından məqbul almış abituriyetlər DİM-in müəyyənləşdirdiyi vaxtda ixtisas seçərək ərizələrini təsdiq etməlidirlər. Əks halda, həmin abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.

Qabiliyyət imtahanı zamanı abituriyentlərin aşağıdakı bilikləri qiymətləndiriləcəkdir:

1. Dünyagörüşü və dini bilikləri:
- dinlər, habelə İslam dini barədə bilikləri;
- Azərbaycanın və dünyanın mövcud dini mənzərəsi haqqında məlumatlılığı;
- dini radikalizm, dini fanatizm və dini ekstremizmə dair bilikləri.
2. Dini baxışlar və dünyəvilik anlayışı:
- ümumi dünyagörüşündə dinin yeri və rolu;
- milli-mənəvi, habelə dini dəyərlərə baxışı;
- müasir cəmiyyətdə dinin yeri və roluna münasibəti.
3. Psixoloji parametrlərinin İslamşünaslıq ixtisasına uyğunluğu:
- gələcəkdə din xadimi kimi fəaliyyət göstərməyə münasibəti;
- dövlətçilik və vətənpərvərlik mövqeyi;
- insanlarla ünsiyyət bacarığı;
- xitabət və natiqlik qabiliyyəti.
4. Tolerantlıq və multikulturalizm təsəvvürləri:
- tolerantlıq və multikulturalizm barədə fikirləri;
- dini müxtəlifliyə münasibəti;
- davranışlarının tolerantlıq və multikulturalizm anlayışlarına uyğunluğu.

alt menü