“Din araşdırmaları” jurnalına məqalə qəbulu davam edir

06 Март, 2020

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Din araşdırmaları” jurnalının dördüncü sayına məqalə qəbulu davam edir.

Məqalələrinin “Din araşdırmaları” jurnalında dərc olunmasını arzulayanlar aprelin 30-dək müraciət edə bilərlər. Jurnala təqdim edilən məqalələr Ali Attestasiya Komissiyasının dövri elmi nəşrlərin qarşısında qoyduğu tələblərə və Azərbaycan İlahiyyat İnstitutunun qaydalarına cavab verməli, digər nəşrlərdə dərc olunmamalıdır. Təqdim olunan yazının əvvəlində məqalənin adından sonra müəllifin adı, işlədiyi müəssisə və müəllifin elektron poçt ünvanı göstərilməlidir.

Məqalələr elektron qaydada redaksiyanın [email protected] elektron ünvanına göndərilməlidir. Həmçinin, məqalənin mətni 1 nüsxədə (həmçinin elektron forması kompakt diskdə) elmi dərəcəsi olan şəxsin məqalə haqqında rəyi ilə birgə müəlliflərin özləri tərəfindən jurnalın redaksiyasına (Azərbaycan İlahiyyat İnstitutu, Azərbaycan, Bakı şəhəri, Əhməd Cəmil, 41A) təqdim edilə bilər. Əlyazma müəlliflər tərəfindən mütləq imzalanmalı və onun redaksiyaya təqdimedilmə tarixi göstərilməlidir.
Qeyd edək ki, elmi nəşrdə dinin teoloji, fəlsəfi, tarixi, sosioloji, psixoloji, ədəbi və digər aspektlərdən tədqiq olunduğu məqalələrin qəbulu nəzərdə tutulub. Dərginin redaksiya heyətinin üzvləri Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, İran və İsveçrənin təhsil müəssisələrində çalışan tanınmış alimlərdir.

Məlumat üçün bildiririk ki, Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) elmi fəaliyyətinin əsas göstəricilərindən biri olan “Din araşdırmaları” jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) tərəfindən fəlsəfə və psixologiya üzrə elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib.

Gələcəkdə “Din araşdırmaları” jurnalının tanınmış beynəlxalq indekslərə daxil edilməsi nəzərdə tutulur.

Вверх

Новости

Архив
alt menü