“Zübdətül-İslam” (transliterasiya və transkripsiya)” mövzusunda kitab nəşr olunub

05 January, 2023

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İslamşünaslıq kafedrasının müdiri, dosent Əhməd Niyazovun “Qafqazda elmihal ənənəsi və ilk elmihal nümunəsi “Zübdətül-İslam” (transliterasiya və transkripsiya)” adlı kitabı nəşr olunub.

Kitab İslam mədəniyyəti tarixində mədrəsə ənənəsinin Qafqaz nümunəsi kimi, XVII-XIX əsrləri əhatə edir. Əsərdə Qafqazın hazırda bizə məlum olan ilk elmihal kitabının transliterasiyası və transkripsiyası oxuculara təqdim olunur. Sözügedən nümunə İslam dininin əqidə ilə bağlı mövzuları, təharət, dəstəmaz, namaz, oruc, zəkat, həcc, qurban və digər ibadətlər haqqında məlumatları ehtiva etməklə yanaşı, Azərbaycanın ənənəvi dini mühiti barəsində də müxtəlif bilgiləri əhatə edir. Kitabda mənəvi dəyərlərimizin tarixi resursları və mədəni irsimizin inkişaf tarixi nümunəsi də öz əksini tapmışdır. Nümunə ilahiyyat təhsili alan tələbələr və həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, Azərbaycan İlahiyyat İnstitutu kitab və dərsliklərin nəşri ilə bağlı bir sıra layihələr həyata keçirir. “İlahiyyat nəşrləri” adı altında layihəyə müəllimlərimizin və bu sahədə çalışan mütəxəssislərin kitablarının müxtəlif dillərdən tərcümə olunan əsərlərinin nəşri daxildir. Eyni zamanda, İnstitutun qarşısına qoyduğu məqsədlərdən biri də ilahiyyat sahəsindəki problemləri araşdırmaq, beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirməkdir.

sub menu