Azərbaycan İlahiyyat İnstitutunda narkomaniya ilə mübarizəyə həsr olunmuş seminar keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Narkomaniya və zərərli vərdişlərin sosial və psixi səbəbləri” mövzusunda seminar təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Aİİ İlahiyyat fakültəsinin dekan müavini, dosent Asəf Qənbərov narkomaniya və digər zərərli vərdişlərin cəmiyyət üçün yaratdığı təhlükələrdən bəhs edib, gənclərin bu istiqamətdə maarifləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Seminarda Təhsil İnstitutu Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri, psixologiya elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Siyasi elmlər, psixologiya, sosiologiya və fəlsəfə üzrə ekspert şurasının üzvü Elxan Bəylərov mövzu ilə bağlı məruzə edib.
Məruzəçi narkotik vasitələrin insan sağlamlığına, psixologiyasına və sosial həyatına mənfi təsirlərindən danışıb, asılılığın yaranma səbəbləri, gənclərin risk qrupuna daxil olmasına təsir göstərən amillər və problemin doğurduğu fəsadlar barədə məlumat verib.
E. Bəylərov daha sonra problemin həll yollarına toxunub, sağlam həyat tərzinin təşviqi, psixoloji dəstək xidmətlərinin əlçatanlılığı, ailədaxili ünsiyyətin gücləndirilməsi, mənəvi dəyərlərin təbliği və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Məruzəçi narkotiklərlə mübarizədə cəza üsulları ilə yanaşı, profilaktik tədbirlərin, erkən müdaxilənin və təhsil müəssisələrində aparılan maarifləndirmə işlərinin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.