ABŞ-dan olan qonaqlar İlahiyyat İnstitutunu ziyarət edib

20 May, 2022

G20 Dinlərarası Forumun regional hazırlıq iclasında iştirak etmək üçün Azərbaycanda səfərdə olan – Sonuncu Gün Müqəddəslərinin İsa Məsihi Kilsəsinin ümumi səlahiyyətlisi Erix Kopişke və “Stirling” Fondunun baş icraçı direktoru Edvard B. Rou Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində fəaliyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun qonağı olublar.

Aİİ-nin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Mübariz Camalov qonaqları ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib. M.Camalov İnstitutun fəaliyyəti, ölkədaxili və xarici əlaqələri, ölkəmizin multikultural və tolerantlıq ənənələrinin təbliğindəki rolu, gələcək hədəfləri barədə ətraflı bəhs edib.

Aİİ İlahiyyat fakültəsinin dekanı Elnurə Əzizova ali təhsil müəssisəsində mövcud ixtisaslar və təhsil pillələri haqqında məlumat verib. Qeyd edib ki, Aİİ-də bakalavirat, magistratura və doktorantura pillələri üzrə tədris aparılır.

Təqdim olunan ətraflı məlumata görə minnətdarlığını ifadə edən Erix Kopişke təhsil və elmi-tədqiqat sahəsində ikitərəfli əlaqələrin qurulmasının mümkünlüyünü vurğulayıb.

Görüş birgə əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.

sub menu