Malayziya təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri genişləndirilir

23 May, 2023

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) əməkdaşlarından ibarət nümayəndə heyəti Malayziyada işgüzar səfərdədir.

Azərbaycanın Malayziyadakı Səfirliyinin və “İdrak” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən işgüzar səfərdə DQİDK-nin sədr müavini Gündüz İsmayılov, Aİİ rektoru, dosent Aqil Şirinov, ali təhsil müəssisəsinin rektor köməkçisi Emin Orucov və İnstitutun xarici əlaqələr üzrə baş mütəxəssisi Şahin Ələsgərov iştirak edirlər.

Səfər çərçivəsində heyət ilk olaraq Malayziya Beynəlxalq İslam Universiteti nəzdində Beynəlxalq İslam Düşüncəsi və Sivilizasiyası İnstitutunu ziyarət edib.

Malayziya Beynəlxalq İslam Universiteti nəzdində Beynəlxalq İslam Düşüncəsi və Sivilizasiyası İnstitutu Nəqli (dini) və humanitar elmlər fakültəsinin dekanı, professor Əbdüləziz Berghout qonaqları burada görməkdən məmnun olduğunu diqqətə çatdırıb. Görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi, birgə tədbirlərin həyata keçirilməsi barədə müzakirələr aparılıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov ölkəmizdə mövcud dövlət-din münasibətləri barədə söhbət açıb. Azərbaycanın zəngin multikulturalizm modeli təqdim etdiyini vurğulayan sədr müavini ölkəmizin bu sahədəki təcrübəsinin kifayət qədər olduğunu, kilsə, sinaqoq və məscidlərin azad, sərbəst, təhlükəsiz, qarşılıqlı hörmət əsasında, tolerantlıq şəraitində fəaliyyət göstərdiklərini nəzərə çatdırıb.

Daha sonra Aİİ rektoru Aqil Şirinov təmsil etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, hədəfləri haqqında geniş məlumat verib, həmçinin mövcud ixtisaslar barədə bəhs edib. Bildirib ki, İnstitut iki istiqamət üzrə – məscidlərdə imam və din xadimi kimi fəaliyyət göstərəcək İslam alimləri və ölkənin müvafiq dövlət qurumlarında çalışacaq mütəxəssislər hazırlayır.

Aİİ-nin xarici ölkə universitetləri ilə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduğunu qeyd edən A.Şirinov vurğulayıb ki, dünyanın bir çox tanınmış ali təhsil müəssisələri ilə ikitərəfli protokollar, memorandumlar imzalanıb.

Səfər çərçivəsində Malayziya İslam İncəsəti Muzeyi də ziyarət edilib.

alt menü