Yeni təyin edilən rektor kollektivə təqdim olunub

13 May, 2020

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilən Aqil Şirinovu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ali təhsil müəssisəsinin rəhbər heyətinə təqdim edib.

Mübariz Qurbanlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Aqil Şirinovun Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilməsi haqqında Sərəncamını diqqətə çatdırıb.

Komitə sədri çıxışı zamanı İnstitutun yaradılma məqsədi, qarşıda duran vəzifələri haqqında danışıb. İnstitutun yetişdirdiyi kadrların milli-mənəvi dəyərlərimizin qorunmasına öz layiqli töhfələrini verəcəyinə ümidvar olduğunu qeyd edib. Aqil Şirinovun elmi fəaliyyətindən bəhs edən Mübariz Qurbanlı yeni təyinatı münasibətilə onu təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra çıxış edən rektor Aqil Şirinov ona göstərilən böyük etimada və inama görə, ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib. Vurğulayıb ki, bundan sonra öz fəaliyyətini ali təhsil müəssisəsinin daha da inkişaf etməsinə həsr edəcək.

Məlumat üçün bildiririk ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb. Yeni təyin olunan rektor İnstitutun Elm və innovasiyalar üzrə prorektoru vəzifəsində çalışıb.

sub menu