“Qonağınız müəllimlərinizdir” layihəsi çərçivəsində İsmayıllı və Qəbələdə yaşayan tələbələrin ailələri ziyarət olunub

10 April, 2026

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) həyata keçirilən “Qonağınız müəllimlərinizdir” layihəsi çərçivəsində müəllim heyətinin tələbə ailələri ilə görüşləri davam edir.

Layihə çərçivəsində Aİİ-nin dekanı, dosent Elnurə Əzizova, İslamşünaslıq kafedrasının müəllimləri – f.f.d. Qafqaz Abdurahmanov və f.f.d. Faiq Əhmədzadə Qəbələ və İsmayıllı rayonlarında yaşayan I kurs tələbələrindən bəzilərinin ailələrini ziyarət ediblər.

Görüşlər zamanı valideynlərə İnstitutda tələbələr üçün formalaşdırılmış tədris mühiti, onların hərtərəfli inkişafına yönəlmiş imkanlar və həyata keçirilən tədbirlər barədə geniş məlumat verilib. Bununla yanaşı, tələbələrin fərdi nailiyyətləri, dərs prosesində iştirakı və ictimai fəallıqları ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələrdə, həmçinin gənclərin gələcəkdə peşəkar və bilikli mütəxəssislər kimi yetişməsi istiqamətində görülən işlər də diqqətə çatdırılıb. Əsasən, bunun üçün ailə və təhsil müəssisəsinin əməkdaşlığının vacibliyi vurğulanıb.

Valideynlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən ali təhsil müəssisəsi tərəfindən tələbələrə göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək, belə görüşlərin əhəmiyyətli olduğunu vurğulayıblar. Onlar övladlarının sağlam, milli-mənəvi dəyərlərə sadiq mühitdə təhsil almasından məmnun olduqlarını ifadə edərək, təhsil müəssisəsi ilə sıx əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, “Qonağınız müəllimlərinizdir” layihəsinin məqsədi tələbələrin akademik göstəricilərinin yüksəldilməsi, müasir dövrün tələblərinə uyğun dinşünas və islamşünas mütəxəssislərin hazırlanması üçün ailə və təhsil müəssisəsi arasında əməkdaşlığın daha da gücləndirilməsidir.

sub menu