İlahiyyat İnstitutunda türkiyəli professorun məruzəsi dinlənilib

14 April, 2026

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Yunus Emre İnstitutunun birgə təşkilatçılığı çərçivəsində Aİİ-də türkiyəli professor Haşim Şahinin mühazirəsi təşkil olunub.

Tədbirdə açılış nitqi ilə çıxış edən Aİİ İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova qonağı ali təhsil müəssisəsində görməkdən məmnun olduqlarını qeyd edib.

O, belə görüşlərin tələbələrin elmi dünyagörüşlərinin zənginləşməsində, dini-mənəvi dəyərlərlə bağlı biliklərinin artırılmasında mühüm rol oynadığını vurğulayıb.

E.Əzizova qonağın təcrübə və biliklərinin tələbələrlə bölüşülməsinin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Tədbirdə professor Haşim Şahin “Şeyx Edebali: görkəmli sufi alim və Osmanlı Dövlətinin mənəvi memarı” mövzusunda çıxış edib.

O qeyd edib ki, tarixdə mühüm iz qoymuş şəxsiyyətlərdən biri olan Şeyx Edebali yalnız Osmanlı Dövlətinin quruluşundakı roluna görə deyil, həm də şəxsiyyəti və həyat tərzi ilə seçilən nüfuzlu alim və sufi lider kimi tanınır.
Məruzəçi Şeyd Edebalinin İslam elmlərini dərindən bilən, eyni zamanda, insanların mənəvi tərbiyəsinə böyük önəm verən bir mürşid kimi fəaliyyət göstərdiyini bildirib. Onun dərgahı dövrünün elm və hikmət mərkəzlərindən biri hesab olunurdu. Şeyx Edebali yalnız dini bilikləri ilə deyil, eyni zamanda, praktik həyatda tətbiq etdiyi dəyərlərlə örnək bir lider olmuşdur.

Haşim Şahin daha sonra Şeyd Edebalinin Osman Qazi ilə əlaqəsinə diqqət çəkib. Qeyd edib ki, Osman Qazinin mənəvi inkişafında mühüm rol oynayan Şeyx Edebali gələcək dövlət rəhbərinə ədalət, səbir və xalqın rifahını qorumaq kimi prinsiplər aşılayıb.

Professor vurğulayıb ki, Şeyx Edebali təkcə alim deyil, həm də Osmanlı Dövlətinin quruluşunda mənəvi memar hesab olunur. Onun verdiyi dəyərlər və ideyalar Osmanlıların uzun müddət güclü dövlət kimi qalmasına təsir göstərib.

Sonda məruzəçi tələbələri maraqlandıran sualları cavablandırıb.

sub menu