İlahiyyat İnstitutunda Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həşr olunmuş şeir müsabiqəsi keçirilib

31 October, 2025

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncama əsasən elan olunmuş şeir müsabiqəsinin qalibləri müəyyən olunub.

Aİİ-nin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dosent Mübariz Camalov çıxış edərək, tələbələrə uğurlar arzulayıb. M.Camalov ali təhsil müəssisəsində bu səpkili tədbirlərin keçirilməsinin zəruri olduğunu bildirib.
Prorektor daha sonra diqqətə çatdırıb ki, belə müsabiqələr təhsilalanların mədəni-ictimai həyatda aktiv iştirakına zəmin yaradır, dünyagörüşlərini zənginləşdirir, eyni zamanda, gənclərə milli-mənəvi dəyərlərə sadiqlik aşılayır və bu xəzinənin gələcək nəsillərə ötürülməsinə töhfə verir.

Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru, dosent Mirniyaz Mürsəlov Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı haqqında iştirakçılara məlumat verib. O bildirib ki, Bəxtiyar Vahabzadənin Vətənə, millətə və doğma Ana dilinə sonsuz məhəbbəti ifadə edən poeziya nümunələri vardır. Prorektor vurğulayıb ki, ali təhsil müəssisəsində Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinin təşkilində məqsəd görkəmli ədibin zəngin irsi ilə gəncləri yaxından tanış etmək, milli təfəkkürün formalaşmasına zəmin yaratmaq, mədəni-mənəvi dəyərlərə ehtiram aşılamaqdır.

Tələbələr tərəfindən maraqla qarşılanan yarışmada qaliblər münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyən olunub. Müsabiqədə I yerə – “İslamşünaslıq” ixtisasının ll kurs tələbəsi Minarəxatun Bağırova; II yerə – “Dinşünaslıq” ixtisasının IV kurs tələbəsi Səid Nəsirli; üçüncü yerə – “Dinşünaslıq” ixtisasının lV kurs tələbəsi Emil Qasımov layiq görülüblər.

sub menu