İlahiyyat İnstitutunda 27 Sentyabr – Anım Gününə həsr olunmuş “dəyirmi masa” keçirilib

25 September, 2025

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 27 Sentyabr – Anım Gününə həsr olunmuş “dəyirmi masa” keçirilib.
Aİİ İlahiyyat fakültəsinin dekan müavini, dosent Asəf Qənbərovun maderatorluğu ilə baş tutan “dəyirmi masa”da İnstitutun İslamşünaslıq kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev “İslamda şəhidlik” mövzusunda çıxış edib. O qeyd edib ki, şəhidin Uca Allah yanında çox böyük və bizim şüurumuz tərəfindən dərkedilməz sonsuz dərəcələri mövcuddur. Buna görə də şəhidlər haqqında nə qədər yazılar qələmə alınsa, onlar haqqında sonsuz nitq və xütbələr söylənsə, yenə də o uca məqamı tərif etməkdə söz və dil aciz qalar.
İ.Quliyev şəhidlik mövzusunda Qurani-Kərimdəki mövcud ayələrdən, o cümlədən hədislərdən misallar gətirərək, fikrini yekunlaşdırıb.
Aİİ İslamşünaslıq kafedrasının müəllimi, dosent Rəşad Mustafa “Vətən müharibəsi tarixinin formalaşması” mövzusunda çıxış edib, Vətən müharibəsinin tarixindən, əldə olunan Zəfərdən danışıb.
R.Mustafa 44 günlük Vətən müharibəsi zamanı xalqımızın birlik və bərabərliyindən, məğlubedilməz Ordumuzun şücaətindən, əldə etdiyimiz qələbə nəticəsində ölkəmizin beynəlxalq aləmdəki mövqeyinin güclənməsindən bəhs edib.
R.Mustafa vurğulayıb ki, Ali Baş Komandan cənab İlham Əliyev həm 44 günlük müharibə zamanı, həm də müharibədən sonra informasiya məkanında ölkəmizin haqlı mövqeyini dünyaya bəyan edib.
Məruzəçi bildirib ki, Prezident cənab İlham Əliyev Ermənistan–Azərbaycan münaqişəsinin tarixini, səbəblərini, habelə Azərbaycanın mövqeyini əsaslandıran hüquqi, siyasi, mənəvi və digər amilləri dünya ictimaiyyətinin nəzərinə çatdırıb.
İlahiyyat fakültəsinin dekan müavini, dosent Asəf Qənbərov “Anım Gününün sivil din baxımından əhəmiyyəti” mövzusunda çıxış edib. O bildirib ki, Azərbaycanda sivil dinin inkişafının dönüş nöqtələrindən biri, şübhəsiz, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbə ilə bağlıdır. Qarabağ müharibəsi və tarixi qələbə Azərbaycan xalqının birlik şüuru və milli özünüdərkində müstəsna rol oynayıb ki, bu da şübhə doğurmayan faktdır.
A.Qənbərov daha sonra vurğulayıb ki, Azərbaycanda vətənpərvərlik və şəhidlik kimi sivil dinin bir çox elementlərinin İslamın inanc əsasları ilə assosiasiya edildiyi müşahidə olunur. Məsələn, “Vətənə sevgi” anlayışının, adətən, “Vətəni sevmək imandandır” şəklində islami fikirlə dəstəklənməsi, habelə işğaldan azad olunmuş ərazilərdə, o cümlədən 10 noyabr 2020-ci ildə
Şuşa şəhərində əsgərlərimizin Dövlət Bayrağını yüksəltmələri, İslamın önəmli simvollarından sayılan azanı səsləndirmələri, fikrimizcə, ölkəmizdə ənənəvi dini fikrin sivil dindən daha güclü olduğunu göstərir.

sub menu