İlahiyyat İnstitutu tədqiqat sahəsi üzrə xarici əlaqələrini genişləndirir

11 November, 2021

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQDK) tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbərliyi Malayziyanın İslam Düşüncəsi İnstitutu (Institute of Islamic Understanding Malaysia) ilə onlayn görüş keçirib.

Görüşdə Azərbaycan Respublikasının Malayziyada Fövqəladə və Səlahiyyətli Səfiri İrfan Davudov, Aİİ-nin rektoru Aqil Şirinov, elm və innovasiyalar üzrə prorektor Mirniyaz Mürsəlov, Malayziyanın İslam Düşüncəsi İnstitutu baş direktorunun müavini Dr. Zaidi bin İsmail, Şəriət, Hüquq və Siyasi Araşdırmalar Mərkəzinin direktoru Dr. Mohd Farid Mohd Shahran, Elm və Ətraf Mühit üzrə Araşdırma Mərkəzinin direktoru Dr. Shaikh Mohd Saifuddeen Shaikh Mohd Salleh və İqtisadiyyat və Sosial Tədqiqatlar Mərkəzinin direktoru Dr. Sani bin Badron iştirak ediblər.

Görüşdə elm və tədqiqat sahəsində ikitərəfli əməkdaşlıq; maraq doğuran mövzularda təcrübələrdən qarşılıqlı faydalanma; birgə elmi konfrans, seminar, vebinar, elmi-tədqiqat işləri və mühazirələrin təşkil olunması; akademik heyətin mübadiləsi müzakirə olunub.

Aİİ rektoru Aqil Şirinov çıxış edərək, təmsil etdiyi ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. Bildirib ki, İnstitutun qarşısına qoyduğu məqsədlərdən biri də ilahiyyat sahəsindəki problemləri araşdırmaq, beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirməkdir. Rektor, həmçinin Aİİ-nin beynəlxalq standartlara cavab verən mətbu nəşri – “Din araşdırmaları” jurnalı haqqında da məlumat verib.

Malayziyanın İslam Düşüncəsi İnstitutu baş direktorunun müavini Dr. Zaidi bin İsmail təmsil etdiyi qurum haqqında geniş məlumat verib. İnstituta daxil olan üç Mərkəz barədə bəhs edən Dr. Zaidi bin İsmail qurumun fəaliyyəti, hədəf və məqsədlərini açıqlayıb. Aİİ ilə əməkdaşlığa hazır olduqlarını bildirib.

sub menu