Beynəlxalq Ərəb Dili Gününə həsr olunmuş tədbir keçirilib

19 December, 2025

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 18 Dekabr – Beynəlxalq Ərəb Dili Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Aİİ Dillər və ictimai fənlər kafedrasının müdiri, dos. İlkin Əlimuradov Beynəlxalq Ərəb Dili Gününün yaranma tarixi barədə məlumat verib.

İ.Əlimuradov qeyd edib ki, ərəb dili tarixboyu canlı və işlək ünsiyyət vasitəsi kimi formalaşıb, müxtəlif dövrlərdə böyük dövlətlərin rəsmi dil statusunu daşıyıb.

Azərbaycan üçün Orta əsrlərdən etibarən, mühüm əhəmiyyət kəsb edən çoxsaylı tarixi mənbələrin, ədəbiyyat nümunələrinin və abidələrin ərəb dilində və ya ərəb qrafikası ilə yazıldığını vurğulayan İ.Əlimuradov, eyni zamanda, bildirib ki, Klassik dövr ədəbi irsimizi əhatə edən əsərlərdə ərəbmənşəli sözlərin geniş istifadəsi müşahidə olunur. Bu baxımdan, milli irsimizin dərindən araşdırılması və elmi tədqiqi üçün ərəb dilinin öyrənilməsi mühüm əhəmiyyət daşıyır.

Dosent İ.Əlimuradov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, hazırda ərəb dili ölkəmizdə bir sıra elm və təhsil müəssisələrində aparıcı tədqiqat və tədris dillərindən biri kimi istifadə olunur.
Məruzəçi daha sonra Azərbaycan ərəbşünaslıq elminin inkişafında, ərəb dili və ədəbiyyatının öyrənilməsi və tədrisində dünya miqyasında tanınmış alimlərimizin mühüm xidmətləri olduğunu, akademiklər – Ziya Bünyadov, Vasim Məmmədəliyev, professorlar – Aida İmanquliyeva, Ələsgər Məmmədov və digər görkəmli alimlərimizin bu sahənin elmi əsaslarının formalaşmasına və beynəlxalq səviyyədə tanınmasına dəyərli töhfələr verdiyini nəzərə çatdırıb.
Bakı Dövlət Universiteti Ərəb filologiyası kafedrasının professoru, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Ədəbi mərasimlər və nəşrlər şöbəsinin müdiri, professor Aida Qasımova “Ərəb dilinin öyrənilməsində ərəb ədəbiyyatının rolu” mövzusunda məruzə ilə çıxış edib.

A.Qasımova ərəb ədəbiyyatının tarixi inkişaf mərhələlərindən bəhs edib, islamaqədərki və İslam dövrləri, Abbasilər və Yeni dövr ədəbiyyatlarına dair seçilmiş ədəbi nümunələr təqdim edib.
Professor poeziya nümunələrinin İslamdan əvvəl, həmçinin İslamdan sonra ərəb cəmiyyətində və bu dilin formalaşmasında mühüm təsir gücünə malik olduğunu vurğulayıb, eyni zamanda, azərbaycanlı alimlərin ərəb mədəniyyətinə və ədəbiyyatına verdiyi töhfələri diqqətə çatdırıb.

Məruzəçi A.Qasımova əzbərlənən şeir nümunələrinin ərəb dilində söz ehtiyatının zənginləşməsi baxımından mühüm rol oynadığı qeyd edib və bir şeir mətnində onlarca yeni ifadənin öyrənilməsinin mümkün olduğu bildirib.

sub menu