“Azərbaycan Konstitusiyası və qanunlarında gender bərabərliyi və qadın hüquqları” mövzusunda “dəyirmi masa” keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Azərbaycan Konstitusiyası və qanunlarında gender bərabərliyi və qadın hüquqları” mövzusunda “dəyirmi masa” keçirilib.
Aİİ İlahiyyat fakültəsinin dekan müavini, s.f.d. Asəf Qənbərovun moderatorluğu ilə baş tutan tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin departament rəhbəri, sosioloq Cavid İmamoğlu mövzu ilə bağlı çıxış edib. O, Azərbaycanda gender stereotipləri, hazırda mövcud durumu, doğumda qız uşaqlarına qarşı ayrı-seçkilik halları barədə söhbət açıb.
Cavid İmamoğlu daha sonra İslamda qız uşaqlarının yetişdirilməsinin fəziləti, həmçinin onlara qarşı ayrı-seçkiliyin aradan qaldırılmasında inancın pozitiv rolundan bəhs edib.
Aİİ Dinşünaslıq kafedrasının müəllimi, f.f.d. Aliyə Mürsəlova Uzaq Şərq və İbrahimi dinlərində qadın hüquqları, onlara verilən dəyər və qadınların qarşılaşdıqları problemlərdən danışıb.
A.Mürsəlova qeyd edib ki, dinlərin bir çoxunda qadına yüksək dəyər və bərabər hüquqlar verilsə də, praktikada onlar çox vaxt diskriminasiyaya məruz qalırlar.
İlahiyyat İnstitutunun əməkdaşı, hüquqşünas Tunar Kərimli Azərbaycan qanunvericiliyində qadın hüquqları və gender bərabərliyi ilə bağlı maddələrdən bəhs edib, qadınlara şamil olunan hüquqi imkanlar haqqında məlumat verib.