Azərbaycan İlahiyyat İnstitutu virtual sorğunun qalibi oldu

25 June, 2019

Mektebgushesi.az saytının ali məktəblər arasında keçirdiyi ənənəvi sorğu yekunlaşıb. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) birinci yerin qalibinə mükafatın təqdimetmə mərasimi təşkil olunub.

Aİİ rektoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətini hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb.

Rektor daha sonra bildirib ki, İnstitut tədrisin yüksək səviyyəsi üçün, müasir dövrümüzün tələblərinə cavab verən, zəngin dünyagörüşünə, dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə malik mütəxəssislərin yetişdirilməsi məqsədi ilə konfrans, seminar, “dəyirmi masa”, layihə və proqramlar təşkil edir. C.Məmmədov gənc kadrların intellektual səviyyəsinin artırılmasında daha böyük nəticələrin əldə olunması üçün elm və təhsil əlaqələrinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb.

İnstitut rəhbəri C.Məmmədov obyektiv sorğuya görə, sayt rəhbərliyinə təşəkkür edib, həmçinin rəhbəri olduğu ali tədris müəssisəsində görülən işlərdən, mövcud tələbə-müəllim, tələbə-rektor münasibətlərindən bəhs edib. Şəffaf müəllim-tələbə münasibətlərinin hökm sürməsi üçün tələb olunan bütün zəruri addımların atıldığını və bundan sonra da bu istiqamətdə işlərin görüləcəyini nəzərə çatdırıb.

Tədbirdə mektebgushesi.az saytının təsisçisi və baş redaktoru Məzahir Məmmədli çıxış edərək, sorğunun məqsədi, keçirilmə mexanizmi və gedişiatı barədə geniş məlumat verib. Qeyd edib ki, 10 gün davam edən və 40 ali tədris müəssisəsi arasında keçirilən “Abituriyent olaraq təhsilin və idarəetmənin keyfiyyətinə görə hansı universiteti seçərdiniz?” nominasiyalı virtual sorğuda, ümumilikdə, 4 420 respondent iştirak edib. Azərbaycan İlahiyyat İnistitutu 1 022 səslə sorğunun qalibi olub. Səsvermə ölkəmizin paytaxt və regionlarında yerləşən bütün ali təhsil müəssisələrini əhatə edib: “Sorğuda, ümumilikdə, 4 420 respondent iştirak edib. Nəticədə, Azərbaycan İlahiyyat İnstitutu 1 022 səslə birinci yeri tutaraq qalib olub. İkinci yerdə 996 səslə Lənkəran Dövlət Universiteti, üçüncü yerdə 505 səslə Bakı Dövlət Universiteti qərarlaşıb. Mübarizə çox gərgin, nəticələrin tez-tez dəyişilməsi şəraitində baş tutub. Nəhayət, qalib müəyyənləşib. Sorğu müddətində bütün normativlərə əməl olunub”.

Təhsil üzrə ekspert, fizika elmləri doktoru, professor Şahlar Əsgərov tədbir iştirakçılarını salamlayaraq, sorğunun əhəmiyyətinə diqqət çəkib, eyni zamanda, İnstitut rəhbərliyini təbrik edib. Professor Ş.Əsgərov təhsilin və idarəetmənin keyfiyyətinə əsasən seçilən ali təhsil müəssisəsinə gələcək fəaliyyətində uğurlar arzulayıb və müvafiq qalib plaketini Aİİ-nin rektoru Ceyhun Məmmədova təqdim edib.

Təhsil üzrə ekspert Nadir İsrafilov Azərbaycan İlahiyyat İnstitutunda ali təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb. Həyata keçirilən tədbirlərin həqiqətən də bütün təhsil ocaqlarına səs sala biləcək səviyyədə olduğuna diqqət çəkib. Belə sorğuların nəticələrinin gələcəkdə ali təhsil ocaqlarında reytinqinin həm yerli, həm də beynəlxalq səviyyədə səciyyələndirilməsində əhəmiyyətli olacağını bildirib. N.İsrafilov vurğulayıb ki, ictimai rəyə əsaslanma və tənqidi pedaqogikanın inkişafında bu tipli sorğuların sayı artırılmalıdır.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.

sub menu