Aİİ rektoruna “Fəxri professor” diplomu təqdim edilib

18 May, 2023

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, dosent Aqil Şirinov Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Elm və Mədəniyyət Günləri çərçivəsində keçirilən “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında mədəni və elmi əlaqələrin inkişafında ilahiyyat və multikulturalizm təcrübəsinin rolu” mövzusunda “dəyirmi masa”da iştirak edib.

Tədbirdə Aqil Şirinova Moskva İslam İnstitutunun rektoru, professor Damir Muhetdinov tərəfindən ali təhsil müəssisəsinin fəxri professoru diplomu təqdim edilib.

Aİİ rektoru Aqil Şirinov “dəyirmi masa”da “Birgəyaşayış kontekstində Qafqazda mədəni-dini müxtəliflik tarixi ənənə kimi” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində Qafqazın tarixən dünyanın ən qarışıq etnik struktura malik bölgələrdən biri olduğunu diqqətə çatdırıb. Bildirib ki, bölgədə 50-dən çox müxtəlif dil və ləhcələrdə danışan etnik qruplar mövcuddur.

İnstitut rəhbəri daha sonra vurğulayıb ki, ermənilər istisna olmaqla tarixən Qafqazda yaşayan xalqların dini dünyagörüşləri eksklüzivist (kənarlaşdırıcı) deyil, inklüzivist (birşləşdirici, əhatəedici) xarakterə malik olmuşdur. Bu da qeyd olunan bölgədə dini zəmində, ümumən, dözümlü bir mühitin yaranmasına səbəb olmuşdur.

Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə Bakıda “İslam sivilizasiyası Qafqazda” mövzusunda keçirilən beynəlxalq simpoziumdakı fikirlərini diqqətə çatdıran Aqil Şirinov dahi liderin bu sözlərini xüsusi vurğulayıb: “Qafqaz dünyanın nadir xarakter daşıyan bir bölgəsidir. Qafqaz öz təbiətinə, coğrafi quruluşuna görə və Qafqazda qədim zamanlardan məskunlaşmış, minillərboyu yaşamış insanların xüsusiyyətlərinə, onların xarakterlərinə görə çox nadir bir bölgədir. Eyni zamanda, hesab edirəm, Qafqaz dünya xalqları üçün dünyanın çox maraqlı bir hissəsidir”.

Azərbaycanın İslamın Qafqazda yayılmasında və birgəyaşayış ənənəsinin formalaşmasında böyük rolu olduğunu diqqətə çatdıran rektor mərizəsində bildirib ki, ölkəmiz tarixən müxtəlif dinlərin və mədəniyyətlərin qovuşduğu məkan olmuşdur.

Tədbirdə, həmçinin Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin müşaviri Aqşin Əliyev, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşı, 1982-1987-ci illərdə SSRİ Nazirlər Sovetinin birinci müavini olmuş Heydər Əliyevin şəxsi katibi Camal Camalov, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Kommunikasiya sistemləri sosiologiyası kafedrasının müdiri, sos.e.d., prof. Ağamalı Məmmədov, Rusiya Dövlət Sosial Universiteti Sosial fəlsəfə, dinşünaslıq və ilahiyyat kafedrasının professoru, f.e.d. İbrahim Məlikov, “Moskva Azərbaycanlılarının milli-mədəni muxtariyyəti” regional ictimai birliyinin sədri Bəxtiyar Həsənov, “Moskva Azərbaycanlılarının milli-mədəni muxtariyyəti” regional ictimai birliyi sədrinin müavini Həşim Əliyev və digər ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələri iştirak edib.

sub menu