Rektor Türkiyədə Kərbəla hadisəsi ilə əlaqədar tədbirlərdə iştirak edib

31 İyul, 2023

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, dosent Aqil Şirinov Türkiyədə Kərbəla hadisəsi ilə əlaqədar təşkil olunan mərasimlərdə iştirak edib. İstanbulda baş tutan tədbirlər Zeynəbiyyə Cami və Kültür Mərkəzi və Yahya Kamal Bayatlı Konfrans Mərkəzində keçirilib.

“İmam Hüseyn və Kərbəla” mövzusunu əhatə edən mərasimdə Türkiyə cəfərilərinin rəhbəri Səlahatdin Özgündüz, Türkiyə Böyük Millət Məclisinin İstanbul millət vəkili, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, digər millət vəkilləri, siyasi və ictimai xadimlər çıxış ediblər.

Aİİ rekroru Aqil Şirinov tədbirdə Kərbəla hadisəsinin azadlığı sevən və zülmə qarşı mübarizə aparan bütün insanlar üçün dəyər olduğunu vurğulayıb. A.Şirinov Kərbəla hadisəsindən götürüləcək ibrətlərə diqqət çəkərkən bildirib ki, hadisənin bizə öyrətdiyi cəhətlər haqqın, doğrunun yanında olmaq, ədaləti bərqərar etməkdir: “Həzrət Hüseynin və digər Kərbəla şəhidlərinin mübarizəsinin timsalında Aşura böyük bir şəhidlik məktəbi olmaqla yanaşı, ədalət, fədakarlıq, Haqqa sədaqətin təcəssümüdür”, – deyə qeyd edib.

Aİİ rektoru ölkəmizin 44 günlük Vətən müharibəsində qanları bahasına torpaqlarımızı düşmən tapdağından azad edərək, canlarından keçmiş şəhidlərimizin də eyni amal uğrunda vuruşduqlarını, haqqın və ədalətin bərqərar olduğunu vurğulayıb: “Kərbəla bizə haqqın yanında olmağı öyrətdi, amma çox təəssüf ki, o zaman da, indi də zahirən haqqın yanında görünüb, zülmü, ədalətsizliyi dəstəkləyənlər var. Həmişə həqiqətin tərəfində olan qardaş Türkiyə xalqına haqq savaşımızda yanımızda olduğu üçün minnətdarlığımızı bildiririk”.

alt menü