İslamşünaslıq ixtisasına müsahibə mərhələsi başlayıb

01 Avqust, 2023

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 1 avqust 2023-cü il tarixdə III ixtisas qrupu üzrə bakalavr pilləsinin İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün müsahibə mərhələsi başlayıb. Müsahibə avqustun 3-dək davam edəcək.

Müsahibədən məqbul qiymət almış abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq ixtisasını da seçə biləcəklər.

Komissiya Bakı şəhəri Məhəmməd Naxçıvani, 29 ünvanında – Azərbaycan İlahiyyat İnstitutunun inzibati binasında təşkil olunur.

Qeyd edək ki, abituriyentlərin dünyagörüşü səviyyələrinin və İslamşünaslıq ixtisasına maraqlarının müəyyənləşdirilməsi məqsədilə DİM tərəfindən Dini Psixoloji Komissiya (DPK) yaradılıb. Komissiyanın tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər, psixoloqlar, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan İlahiyyat İnstitutunun və DİM-in əməkdaşları daxil ediliblər.

Müsahibə zamanı abituriyentlərin ümumi dini bilikləri, İslamşünaslıq ixtisasına uyğunluqları, gələcəkdə din xadimi kimi fəaliyyət göstərməyə münasibətləri, insanlarla ünsiyyət bacarıqları, xitabət və natiqlik qabiliyyətləri qiymətləndirilir, psixoloji vəziyyətləri, yaradıcı təfəkkür imkanları yoxlanılır.

Məlumat üçün bildiririk ki, Azərbaycan İlahiyyat İnstitutunda təhsil tam ödənişsizdir. Ali təhsil müəssisəsi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyət sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təmin edilməsi məqsədilə müasir təhsil standartları və müvafiq sahədə dünya təcrübəsi əsasında fəaliyyət göstərir. İnstitutda müasir sosial elmlərin metodları əsasında İslamla yanaşı, digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları, həmçinin dini elmlərlə yanaşı, fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm və digər sosial və humanitar elmlər də tədris olunur.

alt menü