Rektor Müsəlman Forumunda çıxış edib

13 Dekabr, 2023

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, dosent Aqil Şirinov “Dini-mənəvi dəyərlərin qorunması: sülh və təhlükəsizliyin möhkəmləndirilməsində dini liderlərin rolu” mövzusunda təşkil olunan XIX Beynəlxalq Müsəlman Forumunda iştirak edib.

Beynəlxalq Forum Rusiya Federasiyası (RF) Müsəlmanları Ruhani İdarəsinin təşkilatçılığı ilə RF-in paytaxtı Moskva şəhərində baş tutub.

Forum Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri, müfti Şeyx Ravil Qaynutdinin çıxışı ilə başlayıb.

Tədbirdə Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Birləşmiş Ərəb Əmirlikləri, İran, İraq, Suriya, Fələstin, Misir, Qətər, Küveyt və dünyanın müxtəlif ölkələrini təmsil edən alimlər çıxış ediblər.
Beynəlxalq Forumda Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov “Qloballaşan dünyada mədəniyyətlərarası əməkdaşlığın əhəmiyyəti” mövzusunda məruzə edib. Rektor mədəniyyətlərarası əməkdaşlığın əhəmiyyəti və mahiyyətindən söhbət açıb. Mədəniyyətlərarası əməkdaşlığın teoloji əsasları və zorakılığa qarşı mübarizədə bu əsasların oynadığı rola diqqət çəkib.

Forum dünyanın müxtəlif universitetlərindən və təşkilatlarından olan alimlərin çıxışları ilə davam edib.

alt menü