İndoneziya Üləma Şurası Xarici Əlaqələr və Beynəlxalq Əməkdaşlıq Komissiyasının sədri Aİİ-də olub

14 Dekabr, 2023

İndoneziya Üləma Şurası Xarici Əlaqələr və Beynəlxalq Əməkdaşlıq Komissiyasının sədri Bunyan Saptomo Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olub.

Aİİ rektoru, dosent Aqil Şirinov qonağı ali təhsil müəssisəsində görməkdən məmnunluğunu ifadə edib, İnstitutun fəaliyyəti haqqında məlumat verib. Rektor ali təhsil müəssisəsinin məqsəd və vəzifələri, hədəfləri haqqında ətraflı bəhs edib, Aİİ-nin beynəlxalq əlaqələrə, xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığın yaradılmasına xüsusi önəm verdiyini diqqətə çatdırıb. A.Şirinov bildirib ki, dünyanın bir çox tanınmış ali təhsil müəssisələri ilə, o cümlədən İndoneziya universitetləri ilə İnstitut arasında əməkdaşlıq əlaqələri qurulub.

A.Şirinov Aİİ-nin xarici ölkə universitetlərinin təcrübəsini öyrənməkdə, tələbə və müəllim mübadiləsinin həyata keçirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

İndoneziya Üləma Şurası Xarici Əlaqələr və Beynəlxalq Əməkdaşlıq Komissiyasının sədri Bunyan Saptomo təmsil etdiyi qurum haqqında geniş məlumat verib. Bildirib ki, müəssisə 1975-ci ildə Cakartada yaradılıb və tərkibinə 63 təşkilat olmaqla, 170-dən çox universitet daxildir. O bildirib ki, müəssisə tərkibində mövcud olan qurumlarla Aİİ arasında əlaqələrin qurulması yönündə əlindən gələni əsirgəməyəcək.

Görüşdə elmi-tədqiqat sahəsində əməkdaşlığın həyata keçirilməsi, tələbə və müəllim mübadiləsi, birgə konfrans və seminarların təşkili sahəsində müzakirələr aparılıb.

alt menü