“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştirakçıları İlahiyyat İnstitutunu ziyarət ediblər

10 İyul, 2019

İyulun 10-da “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştirakçıları Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət ediblər.

Aİİ rektoru Ceyhun Məmmədov qonaqları salamlayaraq, onları ali tədris müəssisəsində görməkdən məmnunluğunu ifadə edib. İnstitut rəhbəri ümummilli lider Heydər Əliyevin ölkədə dini fəaliyyət sahəsində sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində gördüyü misilsiz işlər haqqında məlumat verib.

C.Məmmədov ulu öndər Heydər Əliyevin müasir Azərbaycanda dövlət-din münasibətlərinin formalaşmasında həyata keçirdiyi din siyasətini hazırda Prezident cənab İlham Əliyevin böyük uzaqgörənliklə davam etdirdiyini nəzərə çatdırıb. Qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması da bu siyasətin uğurlarının məntiqi davamıdır.

Ali təhsil müəssisəsi haqqında məlumat verən rektor vurğulayıb ki, İnstitutda təhsil tam ödənişsizdir. Belə ki, Aİİ-də təhsilalanlar dərslik, yemək, geyim, yataqxana xərcləri ilə təmin olunurlar.

C.Məmmədov bildirib ki, İnstitutda bütün dinlərin tarixi, inanc və ibadət sistemi tədris olunur. Eyni zamanda, ingilis və ərəb dilləri müasir metodlar əsasında – 4 dil bacarığının (oxuma, dinləmə, danışma, yazma) inkişafı istiqamətində tədris edilir.

Aİİ rektoru qeyd edib ki, İnstitut xarici ölkə universitetləri ilə əlaqələrin qurulmasında maraqlıdır. İlahiyyat sahəsində ixtisaslaşmış bir çox xarici ölkə universitetləri ilə əməkdaşlıq protokollarının imzalandığını vurğulayan rektor diqqətə çatdırıb ki, əsas məqsəd qarşılıqlı mübadilə proqramları vasitəsilə tədris metodunun və təcrübənin öyrənilməsidir.

Simpozium iştirakçıları səmimi qarşılanmaya görə, Aİİ rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Həmçinin Azərbaycanda mövcud tolerant mühitin canlı şahidi olduqlarını qeyd ediblər. Vurğulanıb ki, Azərbaycanda mövcud dini tolerantlıq və mədəniyyətlərarası dialoq mühiti istiqamətində həyata keçirilən ardıcıl siyasətin hazırda bütün dünyada örnək kimi qəbul edilməsi təsadüfi deyil. Azərbaycan İlahiyyat İnstitutunun açılmasını, həmçinin burada bütün dinlərin tədris olunmasını yüksək qiymətləndiriblər.

Daha sonra qonaqlar Azərbaycan İlahiyyat İnstitutu ilə tanış olublar. Aİİ-nin fəaliyyət istiqamətləri, məqsədləri haqqında geniş məlumat verilib. Dərslərin müasir avadanlıqlarla tədris olunduğu diqqətə çatdırılıb. Aİİ-nin kitabxanasını ziyarət edən Simpozium iştirakçılarına burada 16000-dən çox kitabın mövcudluğu barədə məlumat verilib.

Görüşdə əməkdaşlıq əlaqələrinin qurulması, qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi aparılıb.

alt menü