İnsan alveri ilə mübarizəyə həsr olunan “dəyirmi masa” təşkil edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin təşkilatçılığı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “İnsan alveri qurbanlarına dəstək: ailənin və milli-mənəvi dəyərlərin rolu” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbirdə Aİİ tələbələri, əməkdaşları və ilahiyyatçılar iştirak ediblər.
“Dəyirmi masa” Aİİ Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarovun moderatorluğu ilə baş tutub. Tədbirdə Dövlət Komitəsinin Dini məsələlər üzrə şöbəsinin müdiri Cahandar Əlifzadənin, Sosial Xidmətlər Agentliyi Sosial xidmət müəssisəsinin direktoru Həbibə Qəribovanın, Sosial Xidmətlər Agentliyi Stasionar sosial xidmətlərin təşkili departamentinin əməkdaşı Fərid İsmayılovun və Aİİ Dillər və ictimai fənlər kafedrasının müəllimi, dosent Elvüsal Məmmədovun məruzələri dinlənilib.
Agentliyin əməkdaşları Mərkəzin fəaliyyəti, eləcə də insan alveri qurbanlarına göstərilən dəstək mexanizmləri, ailənin və milli-mənəvi dəyərlərin bu prosesdəki rolu barədə məlumat veriblər.
Məruzəçilər çıxışlarında insan alverinin qlobal təhlükə olmaqla yanaşı, həm də hər bir ölkənin sosial sabitliyinə və mənəvi təhlükəsizliyinə ciddi təhdid olduğunu, ailə institutu, adət-ənənələrimiz və milli dəyərlərimizin cəmiyyətin mənəvi dayağı kimi, insan alverinə qarşı mübarizədə mühüm rol oynadığını diqqətə çatdırıblar.
İştirakçılarla dəstək mexanizmlərinin təkmilləşdirilməsi, reabilitasiya xidmətlərinin genişləndirilməsi və bu sahədə ictimai məlumatlılığın artırılması istiqamətində fikir mübadiləsi aparılıb. Eləcə də onların mövzu ilə bağlı sualları cavablandırılıb.