İlahiyyat İnstitutunda maarifləndirici tədbir keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Aİİ İslamşünaslıq kafedrasının müdiri, dosent Əhməd Niyazov mövzunun aktuallığına diqqət çəkib, həmçinin ölkəmizdə orqan donorluğu haqqında cəmiyyətin maarifləndirilməsinin əhəmiyyətindən bəhs edib.
Ə.Niyazov dinimizdə donor və transplantasiya mövzusunda çıxış edib, İslamın insan həyatının qorunmasını əsas prinsiplərdən biri kimi qəbul etdiyini vurğulayıb.
Məruzəçi bildirib ki, din tibbi zərurət olduğu halda, orqan donorluğu və transplantasiyaya müəyyən olunmuş şərtlər əsasında müsbət yanaşır. O qeyd edib ki, bu prosesdə məcburiyyət və ticarət məqsədinin olmaması əsas şərtlərdəndir.
Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi İdarə Heyətinin sədr müavini Günay Abbasova məruzəsində orqan donorluğunun tibb elminin inkişafında və insanların həyatının xilas edilməsində xüsusi yer tutduğunu qeyd edib. O bildirib ki, bu mövzuda məlumatlılığın artırılması yalnız ictimai şüurun formalaşmasına deyil, həm də gənclər arasında məsuliyyət, humanizm və həmrəylik duyğularının güclənməsinə xidmət edir.
Mərkəzin həkim-koordinatoru Mehriban Əliyeva orqan donorluğunun tibbi tərəfləri, beynəlxalq təcrübə və “beyin ölümü” anlayışı haqqında məlumat verib, gəncləri bu məsələlərdən xəbərdar olmağa, eyni zamanda, empatikliyə səsləyib.
Tələbələr görüşə böyük maraq göstərərək, hüquqi məsələlər, donorluğun təmənnasız xarakteri və beyin ölümü zamanı ailələrə mənəvi dəstək kimi mövzularda çoxsaylı suallar ünvanlayıblar.
Görüşün sonunda orqan donorluğunun əhəmiyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirin yekununda ölümündən sonra donor olmaq istəyən tələbələr Səhiyyə Nazirliyinin Kollegiyası tərəfindən təsdiqlənmiş razılıq ərizəsini imzalayıb, bu nəcib missiyaya könüllü şəkildə qoşulublar.