İlin yekunlarına həsr olunmuş tədbir keçirilib

29 Dekabr, 2022

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) rəhbərlik, müəllim və əməkdaşların iştirakı ilə ilin yekunlarına həsr olunmuş tədbir keçirilib.

Aİİ rektoru Aqil Şirinov tədbir iştirakçılarını salamlayaraq, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn yeni təqvim ili münasibətilə səmimi arzularını ifadə edib.

Daha sonra rektor Aqil Şirinov 2022-ci ildə görülən işlər və qarşıda duran hədəflər, vəzifələr haqqında söhbət açıb. İnstitutda təşkil edilən ərəb dili, ingilis dili kurslarından söhbət açan A.Şirinov tələbələrimizin bilik səviyyələrinin artırılması, elmi potensiallarının yüksəldilməsi üçün peşə hazırlığı kurslarının əhəmiyyətini vurğulayıb.

Aİİ-nin qarşıda duran hədəf və vəzifələri haqqında danışan rektor qeyd edib ki, 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində ilboyu elmi konfranslar, seminarlar, “dəyirmi masa”, təlimlər, esse yarışmaları, intellektual müsabiqələrin keçirilməsi nəzərdə tutulub.

Dərslik və kitabların nəşr edilməsi məsələsinə toxunan A.Şirinov İnstitut müəllimlərin elmi-tədqiqat işlərinin nüfuzlu beynəlxalq jurnallarda dərc edilməsinin vacibliyinə diqqət çəkib.

Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov Magistratura və doktorantura şöbəsi, mətbuat və beynəlxalq əlaqələr şöbələrinin il ərzində gördüyü işlər, qarşıda duran hədəflər barədə geniş məlumat verib.

M.Mürsəlov bildirib ki, İnstitutun müvafiq strukturları tərəfindən ali təhsil müəssisəsinə yüksəkintellektli və savadlı gənclərin cəlb olunmaları məqsədilə regionlara maarifləndirici səfərlər və görüşlər təşkili edilir, o cümlədən ali təhsil müəssisəsinin sosial şəbəkələrində bu istiqamətdə reklam işi aparılır.

Aİİ-də fəaliyyətə yeni başlamış "İlahiyyat TV" yutub kanalı barədə məlumat verən M.Mürsəlov hazırda İslam və digər elmləri özündə ehtiva edən proqramlarla dini maarifləndirmə istiqamətində doğru və düzgün məlumatların verilməsi, sosial-psixoloji və aktual problemləri özündə cəmləyən verilişlərin hazırlanması və yayımlanmasının həyata keçirildiyini də vurğulayıb.

İnstitutun beynəlxalq əlaqələri barədə danışan Aİİ prorektoru daha sonra xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində “Erasmus+” və “Mövlanə” tələbə mübadilə proqramları haqqında məlumat verib.
Aİİ İlahiyyat fakültəsinin dekanı Elnurə Əzizova imtahanlara hazırlıq prosesi haqqında danışıb. Bildirib ki, ali təhsil müəssisəsində qış imtahan sessiyasında bakalavr pilləsində 24 qrup üzrə 50 fəndən, magistratura pilləsində 6 qrup üzrə 29 fəndən imtahan keçiriləcək.

E.Əzizova tələbələrin elmi potensiallarının artırılması, asudə vaxtlarının təşkili istiqamətində təşkil edilən kurslar barədə söhbət açıb. O, ebru sənəti kurslarında aktiv iştirak edən tələbələrin rəsmlərindən ibarət sərginin təşkilnin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Təhsilalanların ölkədaxili və xaricdə müxtəlif yarışlarda fəal iştirak etdiyini bildirən E.Əzizova bu il tələbəmiz Murad Kərimovun Səudiyyə Ərəbistanı Krallığında təşkil edilən beynəlxalq Quran yarışmasında iştirakına diqqət çəkib.

Tədbir qarşıda duran məqsəd, hədəf və vəzifələrin müzakirəsi ilə davam edib. İclas iştirakçıları öz təkliflərini səsləndiriblər.

alt menü