Fiqh yarışmasının qalibləri mükafatlandırılıb

30 Dekabr, 2022

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri arasında Fiqh yarışması keçirilib.

Yarışmanın münsiflər heyətində İnstitutun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Mübariz Camalov, İslamşünaslıq kafedrasının müəllimi Vüqar Səmədov, İslamşünaslıq kafedrasının müəllimi Qafqaz Abdurrahmanov, Dillər və ictimai fənlər kafedrasının müəllimi Əmir Kahayev təmsil olunublar.

Aİİ-nin rektoru, dosent Aqil Şirinov tədbir iştirakçılarını salamlayaraq, gənclərə yarışda uğurlar arzulayıb. Fiqh, hədis, əqaid elmləri üzrə tələbələr arasında mütəmadi olaraq müsabiqələr təşkil edildiyini diqqətə çatdıran rektor bildirib ki, belə yarışmalar gənclərin ümumi biliyini və dünyagörüşünü artırır, onlara özlərini sərbəst ifadə etmək təcrübəsi qazanmağa imkan verir.

Tələbələr tərəfindən maraqla qarşılanan yarışmada qaliblər münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyən olunub. Beləliklə, Fiqh yarışmasında birinci yerə Xəyyam Babayev, ikinci yerə Abdulla Əliyev, üçüncü yerə isə Dəniz Ağabalayev layiq görülüblər.

Müsabiqənin sonunda qaliblər mükafatlandırılıb, iştirakçılara diplom və təşəkkürnamələr təqdim edilib.

Məlumat üçün bildiririk ki, ali təhsil müəssisəsində tələbələrin dünyagörüşünün formalaşdırılması, intellektual səviyyələrinin, elmi biliklərinin artırılması, gələcəkdə mütəxəssis kimi yetişmələri üçün müxtəlif yarışmalar, müsabiqələr keçirilir.

alt menü