İlahiyyat İnstitutunun təşkil etdiyi “Qış məktəbi” başlayıb

07 Fevral, 2022

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Lənkəran rayonunda “Din, mədəniyyət və cəmiyyət-3” mövzusunda təşkil etdiyi “Qış məktəbi” bu gündən öz işinə başlayıb.

Aİİ-nin kollektivi əvvəlcə şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib. Daha sonra Şəhidlər xiyabanını ziyarət edərək, Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş igid oğullarımızın məzarlarını ziyarət ediblər.

“Qış məktəbi”nin açılış mərasimində çıxış edən Aİİ rektoru Aqil Şirinov tələbələrə uğurlar arzulayıb. Təşkil edilən proqramın tələbələrə böyük imkanlar yaradacağını nəzərə çatdıran A.Şirinov təhsilalanlara bu fürsətdən maksimum yararlanmağı tövsiyə edib.

İnstitut rəhbəri daha sonra Lənkəran rayonunda təşkil edilən “Din, mədəniyyət və cəmiyyət-3” mövzusunda “Qış məktəbi”nin əhəmiyyətini vurğulayıb. Həmçinin bu ərazidə mövcud tarixi-dini abidələrlə tanışlıq, eyni zamanda, tələbələr üçün təşkil edilən seminarların xüsusi səciyyə daşıdığını nəzərə çatdırıb.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılov çıxışında ölkəmizdə mövcud multikultural mühit barədə söhbət açıb. Təşkil edilən “Qış məktəbi” çərçivəsində ekskursiya və seminarların tələbələrin biliklərinin artırılmasında, dünyagörüşlərinin zənginləşdirilməsində xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb. G.İsmayılov gənclərə bu imkanlardan maksimum yararlanmağı tövsiyə edib.

DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxış edərək layihə iştirakçılarına uğurlar arzu edib.

Daha sonra tələbələr Lənkəran şəhər Heydər Əliyev mərkəzini də ziyarət ediblər.

Qeyd edək ki, fevralın 11-nə qədər davam edəcək “Qış məktəbi”nin təşkilinin əsas məqsədi tələbələrin dünyagörüşlərinin zənginləşdirilməsi, onların ölkəmizdə mövcud multikultural durum, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşamasının canlı şahidi olmalarıdır.

alt menü