İlahiyyat İnstitutunun tələbələri Qazaxıstan Respublikasında təhsillərini davam etdirəcəklər

01 Mart, 2023

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri Qazaxıstan Respublikasının Almatı şəhərində fəaliyyət göstərən “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetində təhsillərini davam etdirəcəklər.

“Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universiteti ilə Azərbaycan İlahiyyat İnstitutu arasında imzalanmış Əməkdaşlıq Müqaviləsinin əsasında tələbə mübadiləsi həyata keçirilir. Tələbələr 2022/2023-cü tədris ilinin yaz semestri ərzində adıçəkilən universitetdə təhsillərini davam etdirəcəklər.

Mübadilə çərçivəsində Aİİ “İslamşünaslıq” ixtisasının III kurs tələbələri – Bəhruz Orucov və Peyman Xəlilov “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetində bir semestr ərzində təhsil alacaqlar.

“Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetinin rektoru Məhəmməd əl-Şahhat əl-Gindi, prorektoru Kayrat Kurmanbayev ilə Aİİ-nin xarici əlaqələr üzrə mütəxəssisi Şəms Bağırova və adları qeyd olunan tələbələrin iştirakı ilə bu səpkidə görüş təşkil olunub. Görüşdə hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin mövcud vəziyyətindən məmnunluq ifadə olunub. Bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetinin iki tələbəsi 2021/2022-ci tədris ilinin yaz semestri ərzində Azərbaycan İlahiyyat İnstitutunda təhsil alıb.

alt menü