İlahiyyat İnstitutunun rektoru İsveçrə Konfederasiyasında beynəlxalq simpoziumda

19 Oktyabr, 2022

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, dosent Aqil Şirinov İsveçrə Konfederasıyasının Cenevrə şəhərində təşkil olunan “Birlikdə yeni körpülərin qurulması: keyfiyyətli təhsilin əsasında mənəviyyat və dəyərlər” mövzusunda beynəlxalq simpoziumda iştirak edib.

“Globethics.net” qlobal təhsil müəssisələri şəbəkəsi, Cenevrə Mənəvi Xidmət Dərnəyi və Cenevrə Geostrateji Müşahidə Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil olunan konfransın plenar iclasında Aİİ rektoru Aqil Şirinov, “Globethics.net” qlobal təhsil müəssisələri şəbəkəsinin təsisçisi və prezidenti Christoph Stückelberger, “Globethics.net” qlobal təhsil müəssisələri şəbəkəsinin icraçı direktoru Obiora İke, Müqəddəs Taxt-Tacın nümayəndəsi və Vatikanın Cenevrədəki BMT təsisatlarında səfiri arxiyepiskop Fortunatus Nwachukwu, Birləşmiş Krallıq-Nigeriya İnfrastrukturu üzrə Məsləhət Mərkəzinin (UKNIAF) direktoru Chidiebere R.Onyia, Distant Təhsil üzrə Beynəlxalq Şuranın İdarə Heyətinin sədri professor Ebba Ossiannilsson, Ümumdünya Kilsələr Şurası (WCC) baş katibinin müavini professor İsabel Phiri, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı İnsan Hüquqları üzrə Təhsil və Təlim Bölməsinin koordinatoru Elena İppoliti və Anne Burghardt – Ümumdünya Lüteran Federasiyasının baş katibi çıxış ediblər.

Aİİ rektoru Aqil Şirinov plenar iclasdakı çıxışında dünyada qlobal dəyərlər baxımından yeni körpülərin qurulmasına indi daha çox ehtiyac duyulduğunu bildirib. Radikalizmin ən böyük səbəbinin məlumatsızlıq olduğunu qeyd edən rektor vurğulayıb ki, onun ən böyük düşməni bilikdir, öyrənməkdir: “Təhsil sistemi məlumatsızlığın, bilgisizliyin aradan qaldırılmasına, müxtəlif millətlərə və dinlərə mənsub insanlar arasında körpü qurmaqda əhəmiyyətli rol oynayır. Məktəblərdə və universitetlərdə təhsilalanlara onların mədəniyyətləri haqqında daha çox məlumat verilməli, həmçinin humanizmi formalaşdıran ortaq dəyərlər aşılanmalıdır”.

Qeyd edək ki, beynəlxalq konfransda Almaniya, İsveçrə, Bolqarıstan, Fransa, Böyük Britaniya, Portuqaliya, İsveç, Kuba, Kolumbiya, Argentina, ABŞ, Hindistan, Vyetnam, İndoneziya, Livan, Filippin, Nigeriya, Keniya, Efiopiya, Mərakeş, Əlcəzair, Mavriki, Malavi, Cənubi Afrika, Toqo, Qana, Ruanda dövlətlərindən nümayəndələr iştirak ediblər.

alt menü