İlahiyyat İnstitutunun heyəti Beyləqanda din xadimləri ilə görüş keçirib

22 Aprel, 2026

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Beyləqan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə abituriyentlərin maarifləndirilməsi çərçivəsində din xadimləri ilə görüş keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Mil–Muğan regional bölməsinin müdiri Elvin Hüseynli ölkəmizdə dövlət–din münasibətlərinin inkişafı, eləcə də din xadimlərinə göstərilən dövlət qayğısından bəhs edib. O bildirib ki, dini sahədə sağlam mühitin qorunması və milli-mənəvi dəyərlərin təbliği istiqamətində ardıcıl işlər həyata keçirilir.

Aİİ Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarov İnstitutun və Bakı İlahiyyat Kollecinin fəaliyyəti və ölkəmizdə dini təhsilin inkişafı barədə məlumat verib. Qeyd edib ki, dövlət–din münasibətləri sağlam təməllər üzərində qurulub və bu sahədə sistemli siyasət həyata keçirilir.

Anar Qafarov daha sonra vurğulayıb ki, cəmiyyətin ehtiyacı olan savadlı və milli dəyərlərə bağlı din mütəxəssislərinin hazırlanması müəssisənin əsas prioritetlərdəndir.

Aİİ-nin rektor köməkçisi Emin Orucov İnstitutda və Kollecdə məzhəblərüstü təhsilin həyata keçirildiyini bildirib. O qeyd edib ki, tələbələr dərsliklərlə pulsuz təmin olunurlar və bu dərsliklər İnstitutun müəllimləri tərəfindən hazırlanır.

Emin Orucov, həmçinin tələbələrin müxtəlif təqaüd proqramlarından yararlanmaq imkanı əldə etdiklərini, onların xarici dil biliklərinin artırılması məqsədilə xüsusi kursların təşkil edildiyini vurğulayıb.

Görüş müzakirələrlə davam edib.

alt menü