İlahiyyat İnstitutunun heyəti Beyləqan rayonuna səfər edib
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) öz fəaliyyəti, təhsil imkanları barədə ictimaiyyəti məlumatlandırmaq, 2026–2027-ci tədris ili üzrə müəssisəyə yüksəkintellektli və savadlı gəncləri cəlb etmək məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir.
İnstitutun bu istiqamətdə növbəti səfəri Beyləqan rayonuna olub. Beyləqan Rayon İcra Hakimiyyəti və Aİİ-nin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə abituriyentlər, orta məktəb müəllimləri, aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi, təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Yeganə Məmmədova ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından bəhs edib. O, yeni təhsil müəssisələrinin tikintisi və mövcud məktəblərin bərpası istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb. Yeganə Məmmədova dini təhsilə göstərilən dəstəyin vacibliyini diqqətə çatdıraraq, bu istiqamətdə təşkil olunan maarifləndirici tədbirlərin gənclərin düzgün dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Mil-Muğan regional bölməsinin müdiri Elvin Hüseynli ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından danışıb. O bildirib ki, əvvəllər dini təhsil almaq istəyən gənclər xarici ölkələrə üz tuturdular. Azərbaycan İlahiyyat İnstitutunun və Bakı İlahiyyat Kollecinin yaradılması ilə bu sahədə mühüm dönüş baş verib.
Elvin Hüseynli qeyd edib ki, hazırda gənclər Aİİ-də tam ödənişsiz təhsil almaq imkanı qazanaraq, milli-dini dəyərlərə bağlı, yüksəkixtisaslı kadrlar kimi yetişirlər.
Aİİ Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarov ölkəmizdə dövlət–din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu vurğulayıb. Bildirib ki, din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına cəmiyyətimizdə böyük önəm verilir. Ölkəmiz bütün sahələrdə olduğu kimi, din istiqamətində də nümunəvi ölkəyə çevrilib.
Anar Qafarov İnstitutun məqsəd və hədəfləri, mövcud ixtisaslar və tədris prosesi haqqında da ətraflı məlumat verib. O bildirib ki, Aİİ-də qarşılıqlı etimada əsaslanan şəffaf müəllim–tələbə münasibətlərinin hökm sürməsi üçün zəruri addımlar atılır və bu istiqamətdə işlər davam etdirilir. Ali təhsil müəssisəsi tədrisin keyfiyyətinin artırılmasına, tələbələrin tədrisə marağının yüksəldilməsinə və onların bilik-bacarıqlarının inkişafına xüsusi diqqət yetirir.
Ali təhsil müəssisəsinin rektor köməkçisi Emin Orucov Aİİ-yə və Bakı İlahiyyat Kollecinə qəbul qaydaları, ixtisaslar, xarici dillərin öyrənilməsi imkanları, təqaüd proqramları, xaricdə təhsil, tələbələrin sosial həyatı haqqında geniş məlumat verib. O bildirib ki, yüksəkixtisaslı kadrların hazırlanması üçün İnstitutda bütün şərait yaradılıb və təhsil tamamilə ödənişsizdir.