İlahiyyat İnstitutunun heyəti BDU-nun Qazax filialında olub

10 May, 2019

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) heyəti orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirləri çərçivəsində Qazax rayonuna səfər zamanı Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında müəllim və tələbə heyəti ilə görüşüb.

BDU-nun Qazax filialında tələbələrlə görüşdə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qeyd edib ki, müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Bildirib ki, ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər gələcəyimizi daha etibarlı və daha inamlı görmək əzmində olduğumuzun bariz nümunəsidir. Ən əsası, Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdır ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin vacib prinsipləri sırasına daxil edilib.

BDU Qazax filialının rəhbəri Arif Rüstəmov Aİİ heyətini ali təhsil müəssisəsində görməkdən məmnunluğunu ifadə edib. Ölkəmizdə uğurlu təhsil siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, hazırda isə Ümummilli Liderin layiqli davamçısı İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini bildirib.
A.Rüstəmov Azərbaycanda dövlət-din münasibətlərindən bəhs edərək, bu sahənin ölkə rəhbərinin daim diqqət mərkəzində olduğunu bildirib. Ölkəmizdə ekstremizmə, fanatizmə, radikalizmə və digər dini cərəyanlara qarşı məqsədyönlü işlərin görüldüyünü qeyd edib. Respublika Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında 9 fevral 2018-ci il tarixli Sərəncamla Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını bu sahədə atılan ən uğurlu addım kimi dəyərləndirib.

Aİİ rektoru Ceyhun Məmmədov çıxış edərək müəllim və tələbələri salamlayıb, ölkəmizin ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin Qazax filialında olmaqdan məmnunluğunu ifadə edib. Bildirib ki, görüşün əsas məqsədi İnstitut haqqında məlumat vermək, eyni zamanda, 2019-2020-ci tədris ili üçün ali təhsil ocağına yüksəkintellektli və savadlı gənclərin cəlb olunması məqsədilə maarifləndirici məlumatlar çatdırmaqdır. Rektor Azərbaycanda yüksək dini-mənəvi mühitin mövcud olduğunu, dövlət-din siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verilir. Bunun ən bariz nümunəsinin Prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə əsasən Azərbaycan İlahiyyat İnstitutunun yaradılması olduğunu bildirib. Hazırda tələbələrə tədrislə yanaşı, təlim və tərbiyənin verilməsinin böyük önəm daşıdığını qeyd edən rektor bu sahədə İnstitut kollektivi tərəfindən mühüm işlər görüldüyünü diqqətə çatdırıb. Rektor çıxışının sonunda İnstitutla filial arasında dostluq əlaqələrinin bundan sonra da davam etdiriləcəyini belə görüşlərin İlahiyyat İnstitutunda da təşkil olunacağını bildirib.

Aİİ-nin İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov ali təhsil müəssisəsinin tədris prosesi, keçirilən fənlər haqqında məlumat verib. Ən gənc ali təhsil ocağı olmasına baxmayaraq, İnstitutda 100-dən çox tələbənin təhsil aldığını nəzərə çatdırıb. Bir yaşını qeyd edən ali təhsil ocağında tələbələrin bilikli, savadlı, intellektli, ən əsası, peşəkar mütəxəssis kimi yetişmələri üçün mövcud şəraitin yaradıldığını bildirib.

Aİİ-nin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova təqdimatla çıxış edərək, ali təhsil müəssisəsinə qəbul prosesinin təşkili, həmçinin, mövcud ixtisaslar haqqında geniş məlumat verib. İnstituta qəbul olunmuş hər bir abituriyentin dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacağını bildirib. Bundan başqa, tələbələrin ödənişsiz geyim və yeməklə təmin ediləcəklərini, dərslərdən əlavə, ayrıca xarici dil kurslarına cəlb olunacaqlarını və digər üstünlüklərə yiyələnəcəklərini qeyd edib.

alt menü