İlahiyyat İnstitutunun “Din araşdırmaları” jurnalının növbəti sayı nəşr olunub

17 Avqust, 2023

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) elmi fəaliyyətinin əsas göstəricilərindən biri olan “Din araşdırmaları” jurnalının X sayı dərc edilib.

İldə iki dəfə dərc olunan jurnalın yeni sayında 16 məqalə yer alıb. Din psixologiyası, din sosiologiyası, təfsir, kəlam, fəlsəfə, İslam hüququ və tarix kimi bölmələrdə yer alan elmi məqalələr öz sahəsinin peşəkar və nüfuzlu tədqiqatçıları tərəfindən təqdim edilib. Jurnalda Azərbaycan, türk və ərəb dillərində məqalələr dərc olunub.

Jurnalın əsas məqsədi psixologiya və fəlsəfə üzrə, o cümlədən dinin tarixi, fəlsəfəsi, din sosiologiyası və din psixologiyası üzrə Azərbaycan, rus, ingilis, türk və ərəb dillərində hazırlanmış müstəqil tədqiqatları məqalə və resenziya kimi dərc edərək, beynəlxalq aləmdə bu istiqamətdə məlumatların, araşdırmaların artmasına töhfə verməkdir. “Din araşdırmaları” jurnalı qeyd edilən yöndə tədqiqat aparan alimlər, ilahiyyatçılar, dinşünaslar, fəlsəfəçilər, o cümlədən bu sahəyə marağı olan tələbələr, oxucular və qurumlar üçün nəzərdə tutulub.

“Din araşdırmaları” jurnalının redaksiya heyətinin üzvləri Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Pakistan, Qazaxıstan, İran və İsveçrə kimi ölkələrdə fəaliyyət göstərən nüfuzlu alimlərdən ibarətdir. Bu alimlər tərəfindən jurnala daxil olan məqalələrə anonimlik qorunmaqla rəy verilir.

Məlumat üçün bildirək ki, “Din araşdırmaları” jurnalının tanınmış beynəlxalq indekslərə daxil edilməsi istiqamətində bir sıra işlər görülür. Bununla bağlı İnstitut tərəfindən müasir standartlara, beynəlxalq jurnallarda məqalələrin yazılması və yayımlanması tələblərinə uyğun olaraq jurnalın rəsmi internet saytı hazırlanıb və artıq fəaliyyət göstərir. Jurnalın növbəti sayından etibarən, alimlər məqalələrini rəsmi internet saytı vasitəsilə göndərəcək və araşdırmalarının statuslarını saytda yaratdıqları profil vasitəsilə izləyə biləcəklər.

Qeyd edək ki, jurnalın nəşr qaydaları Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) elmi jurnallar qarşısında qoyduğu tələblərə, həmçinin bu sahədəki beynəlxalq standartlara uyğun olaraq hazırlanıb.

“Din araşdırmaları” jurnalı 2020-ci ildən AAK tərəfindən fəlsəfə və psixologiya üzrə elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib.

alt menü