İlahiyyat İnstitutunda yay imtahan sessiyası başa çatıb

01 İyul, 2021

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2020-2021-ci tədris ilinin bakalavriat və magistratura səviyyələri üzrə yaz semestrinin yay imtahan sessiyası sona çatıb. Dörd həftə davam edən sessiya təsdiq edilmiş imtahan cədvəlinə uyğun olaraq, “Microsoft Teams” platforması üzərindən şifahi, ehtiyac olduğu təqdirdə, yazılı formada keçirilib.

Ali təhsil müəssisəsində xüsusi karantin rejiminin tələblərini və məsafədən tədrisin reallıqlarını nəzərə alaraq, imtahan sessiyasında tələbələrin bilik və bacarıqlarını göstərmələri üçün lazımi şərait yaradılıb.

İmtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, sualların tərtibi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunması, sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların araşdırılması və həll edilməsi məqsədilə ali təhsil müəssisəsində Qərargah və onun nəzdində Apellyasiya Komissiyası yaradılıb. Qərargah mövcud şəraitə uyğun olaraq məsafədən onlayn şəkildə fəaliyyət göstərib. Daxil olan elektron müraciətlər, şikayətlər qısa müddətdə çevik şəkildə araşdırılaraq, lazımi tədbirlər görülüb.

İmtahan sessiyasının gedişatı dekanlıq, tədris şöbəsi və aidiyyəti kafedralar tərəfindən “Microsoft Teams” platforması üzərindən izlənilib.

Qeyd edək ki, imtahan sessiyası müddətində əldə etdikləri nəticələrə (ÜOMG-yə) əsasən təhsilalanlara tələbə təqaüdü ilə yanaşı, Aİİ-də təsis olunmuş Heydər Əliyev adına, QMİ-nin təsis etdiyi akad. Şeyxülislam adına və Vasim Məmmədəliyev adına təqaüdlər veriləcək.

alt menü