İlahiyyat İnstitutunda Xocalı soyqırımı qurbanları yad edilib
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Aİİ və Bakı İlahiyyat Kollecinin tələbələri iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən Aİİ İlahiyyat fakültəsinin dosenti Rəşad Mustafa 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində baş vermiş faciənin Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biri olduğunu vurğulayıb. O qeyd edib ki, hücum zamanı çoxlu sayda dinc sakin – yaşlılar, qadınlar və uşaqlar amansızcasına qətlə yetiriliblər.
R.Mustafa çıxışında bu ağır faciənin yaddaşlarda daim yaşadılmasının vacibliyini bildirib. O vurğulayıb ki, tarixi faktların araşdırılması, hadisələrin obyektiv şəkildə dünya ictimaiyyətinə çatdırılması və xalqımıza qarşı törədilmiş cinayətlərin beynəlxalq səviyyədə tanıdılması hər birimizin mənəvi borcudur.
Xarici Dillər Universitetinin tarix müəllimi, fəlsəfə doktoru Ramil Quliyev çıxışında Xocalı faciəsinin Azərbaycan xalqının tarixində silinməz iz qoymuş ağır cinayətlərdən biri olduğunu vurğulayıb. O, həmin hadisələrin canlı şahidi kimi yaşadıqlarını heç zaman unutmadığını və bu ağrının bir ömürboyu yaddaşlarda həkk olunacağını xüsusi qeyd edib.
R. Quliyev diqqətə çatdırıb ki, Xocalıda baş verənlər təkcə hərbi əməliyyat deyil, mülki əhaliyə qarşı yönəlmiş kütləvi zorakılıq aktı idi. Şahid ifadələri, faktlar və sənədlər bu faciənin miqyasını və mahiyyətini açıq şəkildə göstərir.
Məruzəçi əlavə edib ki, Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, elmi əsaslarla araşdırılması və gənc nəslə düzgün şəkildə ötürülməsi hər bir ziyalının və tarixçinin mənəvi borcudur.