İlahiyyat İnstitutu Türkiyənin İstanbul şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbirləri keçirir

25 Fevral, 2022

Türkiyənin İstanbul şəhərində Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar silsilə anım tədbirləri keçirilir.

Türkiyənin Marmara Universitetində baş tutan sonuncu tədbir Azərbaycan İlahiyyat İnstitutu, Marmara Universiteti İlahiyyat fakültəsi, Türk Ocaqları İstanbul Şöbəsi və “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Anım mərasimində ali təhsil müəssisəsinin nəşr etdirdiyi “Geriyə baxma” kitabının təqdimat mərasimi olub.

Öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik ehtiram sükutu ilə yad edilib. Daha sonra Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirilib.

Marmara Universiteti İlahiyyat fakültəsinin dosenti Osman Aydınlının moderatorluğu ilə baş tutan anım tədbirində Marmara Universiteti İlahiyyat fakültəsinin dekanı, professor İsmail Safa Üstün çıxış edib. Bildirib ki, Xocalı soyqırımı Türkiyədə böyük kədər, ümumxalq hüzn, yaddaşlardan silinməyən faciə kimi qəbul edilir. Xocalıda köməksiz insanlara qarşı açıq-aşkar şəkildə cinayət törədildiyini diqqətə çatdıran professor vurğulayıb ki, bu soyqırımı aktı bütün dünyaya tanıdılmalı, bu vandalizmi törədənlər Beynəlxalq Ədalət Məhkəməsinə çıxarılaraq məsuliyyətə cəlb olunmalıdırlar.

Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov Xocalıda baş vermiş soyqırımı faktlarını diqqətə çatdırıb.
M.Mürsəlov daha sonra Azərbaycanın 44 günlük Vətən müharibəsi və müharibə nəticəsində əldə edilən tarixi Zəfər haqqında danışıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz işğal altında olan torpaqlarımızı geri qaytarmaqla düşmənə layiq olduğu cavabı verib. M.Mürsəlov Türkiyə dövlətinə və xalqına 44 günlük Vətən müharibəsi zamanı göstərdikləri mənəvi dəstəyə görə minnətdarlığını bildirib. Prorektor Aİİ-nin nəşr etdirdiyi “Geriya baxma” kitabı haqqında məlumat verərək, əsərin Xocalı soyqırımından bəhs etdiyini bildirib.

Türk Ocaqları İstanbul Şöbəsinin müdiri Cezmi Bayram Xocalı faciəsi haqqında danışıb. Bildirib ki, tarixboyu ermənilər türk millətinə və Azərbaycan torpaqlarında dinc əhaliyə qarşı ardıcıl və düşünülmüş soyqırımı aktları həyata keçiriblər. Cezmi Bayram bu qanlı hadisənin dünya miqyasında tanıdılmasının vacibliyini vurğulayıb.

Tədbirdə “CNN Türk” televiziya kanalının hazırladığı “Qarabağ Azərbaycandır” sənədli filminin nümayişi olub.

alt menü