Heydər Əliyevin 100 illiyinə həsr edilmiş silsilə tədbirlər davam edir

02 İyun, 2023

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində “Heydər Əliyevin Azərbaycanda İslam maddi-mənəvi mirasının bərpası və qorunmasındakı rolu” mövzusunda “dəyirmi masa” keçirilib.

Tədbirin açılışında Aİİ İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova xalqların kimliyini formalaşdıran vacib elementlərdən biri kimi, mədəniyyətin əhəmiyyətindən danışıb. O, Azərbaycan xalqının kimliyinin təşəkkülündəki İslam amilinin vacibliyinə toxunub. E.Əzizova həm Çar, həm də Sovet hakimiyyəti dövründə təzyiq və təqiblərə məruz qalmış Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin müstəqillik dövründəki dirçəlişində Heydər Əliyevin rolundan bəhs edib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) icraçı direktoru, i.f.d. Mehman İsmayılov dil, din və adət-ənənələr kimi mədəniyyətin vacib elementlərinin qorunması və inkişaf etdirilməsi istiqamətində Heydər Əliyevin gördüyü vacib işlərdən danışıb. Ulu Öndər təkcə müstəqillik dövründə deyil, Sovet hakimiyyəti zamanında da bu istiqamətdə mühüm töhfələr verdiyini diqqətə çatdırıb.

M.İsmayılov qeyd edib ki, Heydər Əliyev hakimiyyətinin ilk illərində ölkədə mövcud olan iqtisadi-siyasi çətinliklərə baxmayaraq, onun 1994-cü ildə imzaladığı Sərəncam ilə Azərbaycan İslam memarlığında xüsusi əhəmiyyət kəsb edən Bibiheybət məscidi əsaslı bərpa olunub.

İcraçı direktor daha sonra Ulu Öndərin 1998-ci ildə imzaladığı Sərəncamla Bakıda “İslam Sivilizasiyası Qafqazda” mövzusunda keçirilən beynəlxalq simpozium haqqında və İslam maddi-mənəvi mirasının qorunması istiqamətindəki digər fəaliyyətlərindən də bəhs edib.

Digər məruzəçi – AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, f.f.d. Elnur Mustafayev Heydər Əliyevin rəhbər olduğu dövrlərdə onun Azərbaycanda İslam mədəni irsinin qorunması və dirçəldilməsi istiqamətində gördüyü işlərdən danışıb. İşğaldan azad olunmuş torpaqlardakı İslam memarlıq abidələrinin bərpası istiqamətində həmin siyasətin hazırda Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirildiyini vurğulayıb.

Tədbir iştirakçıların suallarının cavablandırılması ilə davam edib.

alt menü