Dinşünaslıq kafedrasının müəllimi beynəlxalq konfransda iştirak edib
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dinşünaslıq kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Aliyə Mürsəlova “Dövlət təhlükəsizliyinin əsası kimi ailə və dini ənənələr” mövzusunda təşkil edilən “Rəsul qiraətləri: Rusiyanın tarixi və müasir həyatında İslam dini” V Beynəlxalq XIII ümum-Rusiya elmi-praktiki konfransında onlayn formatda iştirak edib.
Tədbirdə “Qloballaşma dövründə ailə siyasəti və dəyərlər” mövzusunda məruzə edən Aliyə Mürsəlova bildirib ki, müasir şəraitdə iqtisadi, dini və sosial siyasətin yaratdığı strategiya və proqramlar vasitəsilə qloballaşma birbaşa və ya dolayısı yolla ailə institutuna təsir edir: “Ailə siyasətini müəyyən etmək üçün müxtəlif sosial proqramların təsirini qiymətləndirmək və ailəni prioritetləşdirmək üçün milli potensialı gücləndirmək, qloballaşma ilə iş-ailə problemləri arasındakı əlaqəni anlamaq lazımdır. Koordinasiya edilmiş universal proqramlar ailələri gücləndirməyə kömək edə bilər”, – o, məruzəsində vurğulayıb.
Qeyd edək ki, V Beynəlxalq XIII ümum-Rusiya elmi-praktiki konfransında 22 ölkədən 900-dən artıq alim, ilahiyyatçı və ictimai xadim iştirak edib.