İlahiyyat İnstitutunun tələbələri xaricdə təhsillərini müvəffəqiyyətlə başa vurublar

17 İyul, 2024

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, dosent Aqil Şirinov 2023/2024-cü tədris ilinin yaz semestri dövründə Qazaxıstan Respublikasının Almatı şəhərində fəaliyyət göstərən “Nur-Mübarək” Misir İslam Mədəniyyəti və Türkiyənin 29 Mayıs universitetlərində təhsil alan tələbələrlə görüşüb.

Rektor Aqil Şirinov Əməkdaşlıq Müqaviləsi çərçivəsində həyata keçirilən mübadilə proqramının iştirakçısı olan tələbələri təhsillərini müvəffəqiyyətlə başa vurması münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rektor vurğulayıb ki, belə layihələrin təşkilinin əsas məqsədi savadlı, eyni zamanda, milli-mənəvi dəyərlərimizə sahib çıxan kadrların hazırlanmasına nail olmaqdır.

A.Şirinov tələbələrə bir sıra tövsiyələrini bildirib. Təkcə dərslərlə kifayətlənməyin yetərli olmadığını bildirən ali təhsil müəssisəsinin rəhbəri daha sonra vurğulayıb ki, əlavə mütaliələrlə məşğul olmaq, İnstitutda pulsuz təşkil olunan kurslarda fəal iştirak etmək vacibdir.

Tələbələr təhsil aldıqları ali təhsil müəssisəsi və keçirilən fənlər barədə təəssüratlarını bölüşüblər. Həmçinin onlara göstərilən yüksək etimada görə dərin təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutunda təhsilalanların yüksəkixtisaslı kadrlar kimi yetişməsi, eyni zamanda, dünyagörüşlərinin zənginləşdirilməsi məqsədilə müxtəlif layihələr həyata keçirilir.

alt menü