Bruney universitetləri ilə əməkdaşlıq əlaqələri yaradılır

30 May, 2023

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) əməkdaşlarından ibarət nümayəndə heyəti Bruneydə işgüzar səfərdədir.

Səfər çərçivəsində Bruney Darussalam Universitetinin (UBD) rektoru, dr. Hazri ibn Hacı Kifle və Sultan Şərif Əli adına İslam Universitetinin (UNISSA) prorektoru, dosent Siti Sara bint Hacı Ahmad ilə görüşlər keçirilib.
Görüşlərdə DQİDK-nin sədr müavini Gündüz İsmayılov dövlət-din münasibətləri, mövcud dini durum haqqında məlumat verib, həmçinin ölkəmizdə islamofobiya ilə mübarizə aparıldığını, hər il bu istiqamətdə beynəlxalq tədbirlərin keçirildiyini qeyd edib. Sədr müavini respublikamızda tolerantlıq mühitinin dünyaya nümunə olduğunu, istər dini, istərsə də milli və irqi ayrı-seçkiliyin olmadığını vurğulayıb.

Aİİ rektoru, dosent Aqil Şirinov ali təhsil müəssisəsinin yaranma səbəbi, fəaliyyəti, gələcək planları barədə geniş məlumat verib. Rektor ixtisaslar və təhsil pillələri haqqında bəhs edərkən bildirib ki, ali təhsil müəssisəsinə qəbul tamamilə ödənişsizdir.

Görüşlərdə ali təhsil müəssisələri arasında əlaqələrin gücləndirilməsi, ikitərəfli əməkdaşlıq çərçivəsində birgə layihələrin həyata keçirilməsi, elm və təhsil sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, müəllim və tələbə mübadiləsi proqramlarının reallaşdırılması barədə müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycanın Malayziyadakı Səfirliyinin və “İdrak” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən işgüzar səfərdə DQİDK-nin sədr müavini Gündüz İsmayılov, Aİİ rektoru, dosent Aqil Şirinov, ali təhsil müəssisəsinin rektor köməkçisi Emin Orucov və İnstitutun xarici əlaqələr üzrə baş mütəxəssisi Şahin Ələsgərov iştirak edirlər.

alt menü