Azərbaycan İlahiyyat İnstitutu tələbələrinin Türkiyədə İznik gəzintisi

02 Avqust, 2019

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrinin Türkiyənin Bursa şəhərində təşkil olunan “Yay məktəbi” davam edir.

“Yay məktəbi”nin səmərəli təşkili üçün şənbə günü Bursanın İznik əyalətinə səfər təşkil olunub. Ekskursiyada tələbələr Yeşil Camini, Əşrəfzadə və Ayasofiya məscidlərini, Abdulvəhab təpəsini, həmçinin Lefke qapısını ziyarət ediblər.

Yeşil Camini ziyarət zamanı tələbələrə bildirilib ki, məscid Çandarlı Xəlil Xeyrəddin Paşanın sifarişinə əsasən, Memar Hacı Musa rərəfindən 1378 – 1391-ci illərdə inşa olunub. Çandarlı Xəlil Xeyrəddin Paşanın vəfatından sonra, tikilinin inşasını onun oğlu Əli Paşa 1391 – 1392-ci illərdə tamamlayıb. Osmanlı memarlığının önəmli abidələrindən olan Yeşil Cami təkqübbəli ibadət evidir.

Gənclər daha sonra məşhur türk təsəvvüfçüsü Əşrəf Ruminin oğullarından Əşrəfzadə Abdullah tərəfindən İznikdə inşa olunmuş Əşrəfzadə məscidini ziyarət ediblər. İbadətgah 1469-cu ildə tikilib. Məscidə yunanlar hücum etdikdən sonra, xarabalığa çevrilmiş ibadət ocağı 1950-ci ildə yenidən bərpa olunub.

Ayasofiya məscidini ziyarət zamanı tələbələrə dini müəssisə haqqında ətraflı məlumat verilib. Məbəd əvvəllər kilsə kimi fəaliyyət göstərib. Osmanlı dövründə isə məscid kimi müsəlmanların ixtiyarına verilib.

Abdulvəhab təpəsi və Lefke qapısı tarxi məkanları tələbələrin böyük marağına səbəb olub. Məlumat verilib ki, Bursa Osmanlı tarixinin önəmli şəhərlərindəndir, həmçinin Osmanlı Dövləti yarandığı vaxtlarda isə paytaxt statusu daşıyıb.

Qeyd edək ki, “Yay məktəbi”ndə Azərbaycan İlahiyyat İnstitutunun tələbələri ilə yanaşı, Qazaxıstan və Qırğızıstandan gəlmiş İlahiyyat fakültəsinin tələbələri də iştirak edirlər. “Yay məktəbi”nin keçirilməsi tələbələrin bilik və bacarıqlarının artırılması, təcrübə mübadiləsi, dostluq əlaqələrinin genişləndirilməsi baxımından vacibdir. Eyni zamanda, ölkəmizdəki tolerant və multikultural mühitin təbliği baxımından, xüsusi əhəmiyyət kəsb edir.

Aİİ-nin qarşıya qoyduğu əsas məqsədlərdən biri İslam və digər dünya dinləri haqqında dərin biliklərə yiyələnən, tərəfsiz və bütün konfessiyalara dözümlülüklə yanaşan din xadimləri yetişdirməklə yanaşı, intellektual, elmi potensiallı, səriştəli və savadlı kadrlar hazırlamaqdır.

Məlumat üçün bildiririk ki, iki qrupda təşkil olunan “Yay məktəbi” Azərbaycan İlahiyyat İnstitutu, Türkiyə Cümhuriyyətinin Təhsil Nazirliyi və Dəyanət İşləri Başqanlığı arasında razılaşmaya əsasən təşkil olunub.

alt menü