Akademik Vasim Məmmədəliyevin xatirəsi yad edilib

13 Oktyabr, 2022

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ölkə şərqşünaslığının ən görkəmli nümayəndələrindən biri – “Şöhrət” ordenli, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyevin vəfatının ildönümünə həsr olunmuş tədbir keçirilib.

Açılış nitqi ilə çıxış edən Aİİ rektoru, dosent Aqil Şirinov Vasim Məmmədəliyevin dünya və Azərbaycan elmlərinə bəxş etdiyi töhfələr və yüksək xidmətləri barədə ətraflı söz açıb.

Akademikin tərcümə etdiyi “Qurani-Kərim”in Azərbaycan dilində mükəmməl nümunə olduğunu xüsusi vurğulayıb. Rektor mərhum akademikin həyatı və elmi fəaliyyəti barədə də geniş məlumat verib.

V.Məmmədəliyevin Bakı Dövlət Universiteti (BDU) İlahiyyat fakültəsinin fəaliyyətində xüsusi rolunu vurğulayan A.Şirinov mərhum akademikin yetişdirdiyi tələbələrin yüksəkixtisaslı olduqlarını, savadlı kadrlar kimi mühüm vəzifələrdə işlədiklərini qeyd edib.

Xalq artisti, professor Vamiq Məmmədəliyev söz alaraq, qardaşı bir alim kimi formalaşmasında ailəsinin – ata və anasının xüsusi rolu olduğunu vurğulayıb. Azərbaycan Prezidentinin və Birinci vitse-prezident Mehriban Əliyevanın Vasim Məmmədəliyev irsinə verdiyi dəyəri xüsusi qiymətləndirib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov çıxışında tələbəlik illərindən xatirələrini bölüşüb. Mərhum akademikin milli-mənəvi dəyərlərə önəm verən gənclərin vətənpərvər ruhda yetişmələrində xüsusi rolu olduğunu qeyd edib.

Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru, dosent Mirniyaz Mürsəlov akademik haqqında həm elmi rəhbəri, həm dekanı, həm də müəllimi kimi xatirələrini bölüşüb. Qeyd edib ki, Vasim Məmmədəliyev cəmiyyətə faydalılığı ilə ali dəyərə çevrilib.

AMEA Əlyazmalar İnstitutu Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçiləri – fəlsəfə elmləri doktoru Zəkiyə Əbilova və fəlsəfə üzrə fəlsəfə doktoru Rübabə Şirinova elmi rəhbərləri olan Vasim Məmmədəliyev haqqında xatirələrini bölüşüb, alimin tələbələrinə verdiyi dəyərə diqqət çəkiblər.

Mərhum akademikin ailəsi adından çıxış edən qızı Sunay Məmmədəliyeva atasının xatirəsini əziz tutan, hər zaman xatırlayan, vəfatının ildönümündə belə tədbirin keçirilməsinə görə Aİİ rəhbərliyinə dərin təşəkkürünü bildirib.

alt menü