Tələbələr Ramana qalasına səfər ediblər
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrinin “Tarixi-memarlıq abidələrimizi yaxından tanıyaq” layihəsi çərçivəsində Ramana qalasına səfəri təşkil olunub.
Ali təhsil müəssisəsinin İlahiyyat fakültəsi tələbələrin asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə “Tarixi memarlıq abidələrimizi yaxından tanıyaq” layihəsinə başlayıb.
Layihə çərçivəsində Aİİ-nin dekanı, dosent Elnurə Əzizova, İnstitutun müəllimləri – dosent Rəşad Mustafa, i.f.d. Faiq Əhmədov və Ənvər Mustafayevin iştirakı ilə tələbələr Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən Ramana qalasına səfər ediblər. İnstitutun tarix müəllimi Rəşad Mustafa tələbələrə Ramana qalasının tarixi, tikilmə məqsədi, memarlıq üslubu haqqında məlumat verib, qalanın Orta əsrlərə aid digər Xəzəryanı müdafiə qurğuları arasındakı mövqeyindən danışıb. R. Mustafa tələbələrin müdafiəxarakterli qalalarla bağlı suallarını cavablandırıb.
Qeyd edək ki, “Tarixi memarlıq abidələrimizi yaxından tanıyaq” layihəsinin məqsədi tələbələrin asudə vaxtlarını səmərəli təşkil edərkən ölkəmizin paytaxtında və bölgələrimizdə yerləşən tarixi mirasımızın gənc nəslə tanıdılması, onların milli-mənəvi ruhda tərbiyə olunmasıdır.